Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz

Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz.

Иunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Beynəlxalq Böhran Qrupunun Türkiyə nümayəndəliyindən Nigar Gökselin sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"Sözsüz ki, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını proqnozlaşdırmaq çətindir. Düşünürəm ki, bu, əhəmiyyətli dərəcədə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq. Çünki düşünürəm ki, körpülər yaratmağa çalışmaq üçün burada və İrəvanda bizim daha fəal olmağımıza ehtiyac var. Əlbəttə ki, əgər Ermənistan bunu istəyirsə. Biz onların niyyətlərinin nə olduğunu bilmirik. Onlar heç vaxt bu barədə ətraflı məlumat verməyiblər. Mən artıq dəfələrlə açıq şəkildə bildirmişəm ki, biz münaqişə səhifəsini bağlanmış hesab edirik. Biz, hətta Ermənistanla mümkün sülh razılaşması barədə danışa bilərik və mən bunu bir neçə dəfə demişəm. Bizim planlarımız budur. Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq. Ermənistanın baş naziri susur, Ermənistanın xarici işlər naziri çox aqressivdir və indi Ermənistan elə vəziyyətdə deyil ki, Azərbaycana qarşı aqressiv olmağı özünə rəva görsün. Onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar. Ermənistan müxalifəti hazırda faktiki olaraq isterikadadır və azərbaycanofobiya, türkofobiya onların əsas, - bu, hər zaman çox mühüm olub, - lakin indi zənnimcə, yeganə amilinə çevrilib. Mən əminəm ki, onlar öz seçki kampaniyalarını azərbaycanofobiya, türkofobiya, revanşizm hissləri üzərində quracaqlar. Ona görə də, biz bu qarşılıqlı fəaliyyəti birtərəfli qaydada qura bilmərik. Bizim mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu, asan olmayacaq. Ağdam və digər ərazilərə qayıdacaq keçmiş qaçqınlar ermənilərin onların torpaqlarına, əzizlərinin qəbirlərinə, dini abidələrinə nə etdiyini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən proqnozlaşdıra bilərəm. Mən müharibə vaxtı təmas xəttinə yaxınlaşanda, Ağdamı yalnız binoklla görə biləndə və bütün işğal olunmuş ərazilərə gedəndə eyni hissi keçirmişəm. Bəli, mən Prezidentəm və vəzifələrimə uyğun davranmalıyam. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə bilərik, onlara nəzarət edə bilərik, lakin bəzən bu, çox çətin olur. Buna görə də mən proqnozlaşdıra bilmərəm, əksinə, mən keçmiş azərbaycanlı qaçqınların nə hiss edəcəyini proqnozlaşdıra bilərəm. Lakin Prezident olaraq, gələcəyə baxan bir şəxs olaraq, əgər Ermənistan bizə müsbət işarələr versə, biz bu əlaqələri qura bilmək üçün hər şeyi edərik. Bizim tərəfimizdən birtərəfli qaydada edilənlər, mən artıq qeyd etmişəm, bunun aydın göstəricisidir. Mənə inanın ki, biz bunların heç birinin olmasına imkan verməyə bilərdik və heç kim bizi məcbur edə bilməzdi. Biz bunu düşünülmüş şəkildə etmişik. Bu, birinci. İkinci suala gəlincə, biz Türkiyəyə münasibətdə siyasətlərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı Ermənistan isteblişmentində bəzi işarələr və bəzi zəif fikirlər görürük. Hətta münaqişə zamanı mən dəfələrlə bu barədə danışaraq demişəm ki, tamamilə qəbuledilməz və qəribədir ki, Ermənistan kimi kiçik, yoxsul və zəif ölkənin Türkiyə kimi böyük və güclü ölkəyə qarşı ərazi iddiaları var. Onlar öz ideoloji doqmalarına o qədər tabe idilər və türkofobiya dövlət siyasəti oldu ki, onlar hətta reallıq hissini itiriblər. Bildiyimə görə, Türkiyə hökuməti addımlarını çox konstruktiv şəkildə planlaşdırır. Lakin, əlbəttə ki, onlar adekvat cavab almalıdır. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, öz konstitusiyalarını yenidən yazmalıdırlar. Onlar yeni konstitusiya qəbul etməlidirlər. Onlar bunu planlaşdırırlar, lakin bu, hökumətin siyasi gündəliyi üçündür. Hökumət öz siyasi mövqeyini gücləndirmək istəyir. Lakin, eyni zamanda, düşünürəm ki, onlara yaxşı məsləhət verə bilərəm. Öz konstitusiyalarından Türkiyəyə qarşı ərazi iddialarını çıxarsınlar. Mən bilmirəm, hansı ölkənin konstitusiyasında digər ölkəyə qarşı ərazi iddiaları var. Zənnimcə, bu, nadir haldır və hər kəs başa düşməlidir ki, tarix boyunca çoxsaylı müharibələr olub və onların soyqırımı ilə bağlı saxta tarixinin reallıqla heç bir əlaqəsi yoxdur. Bu, müharibə idi, elə bir vəziyyət idi ki, insanlar bir-birilə savaşırdılar, ölkələr bir-birilə savaşırdı, lakin sonra barışıq oldu. Yeri gəlmişkən, həmin dövrdə Ermənistanın nəinki Osmanlı imperiyası ilə çətinlikləri var idi, onların digər qonşuları ilə də çətinlikləri var idi. Niyə onlar haqsız hücumları üçün yalnız Türkiyəni seçdilər? Türkiyə hökuməti bu məsələlərlə qərəzsiz, obyektiv şəkildə məşğul olmaq üçün tarixçilərdən ibarət birgə qrupların yaradılmasını açıq şəkildə dəfələrlə təklif edib. Lakin onlar imtina ediblər. Niyə? Çünki onların siyasi dividendlər qazanmaq üçün bu saxta tarixə ehtiyacı var. Onlar bəzi ölkələrdən müdafiə, müəyyən yardım əldə etmək üçün bu saxta hekayədən istifadə edirdilər. Beləliklə, mənim mövqeyim bundan ibarətdir. Eyni zamanda, nə əlavə edə bilərəm. Əlbəttə ki, mən Türkiyənin adından danışa bilmərəm, lakin deyə bildiyim sirr deyil. Bildiyiniz kimi, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz. Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər. Bildiyimə görə, Türkiyə hökuməti hazırdır. Beləliklə, top Ermənistan tərəfdədir. Onların yaxşı həkimlərə ehtiyacı var. Mən dəfələrlə demişəm, onlar zəhərləniblər. Bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir. Onlar istəyirlər ki, keçmiş Dağlıq Qarabağda və Ermənistanda olan ermənilər onların girovları, alətləri olsun, onlar da bəzi iddialı və şovinist ideyaları ilə məşğul ola bilsinlər. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var, əgər mən bu analogiyalar barədə danışa bilərəmsə, onlar dəmir pərdə arxasında yaşayırlar və bu zəhərli ideyaların təsiri altındadırlar. Biz bu işdə onlara kömək etməyə hazırıq".