Vladimir Putin: Heç kəs Qarabağ münaqişəsinin genişlənməsində maraqlı deyil

Rusiya bu çox ciddi böhranın nizamlanmasında müəyyən rol oynayıb. Nə Azərbaycan, nə Ermənistan, xüsusən Dağlıq Qarabağ sakinləri Qarabağ münaqişəsinin genişlənməsində maraqlı deyil.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağın sakinlərinin təhlükəsizliyi barədə sualı ənənəvi canlı yayımda cavablandırarkən bəyan edib.

V.Putin deyib: “Çünki işin digər tərəfi ondadır ki, əgər biz dinc və dostluq şəraitində yaşasaq, o halda ailələrin normal yaşayışı nəzərə alınmaqla, iqtisadi inkişaf, sosial inkişaf nəzərə alınmaqla, təkcə təhlükəsizlik sahəsində deyil, həm də cari vəziyyətdə insanların həyatının yaxşılaşdırılması üçün şərait yaradarıq. Sözsüz ki, Qarabağda yaşayan insanların buna ilk növbədə ehtiyacları vardır. Çünki silahlı münaqişənin yenidən başlaya biləcəyi barədə daim təşviş içərisində yaşamaq mümkün deyil. Biz bunu gözəl başa düşürük. Bunu həm Ermənistan, həm də Azərbaycan rəhbərləri də başa düşür”.

RF Prezidentinin sözlərinə görə, regionda problem çoxdur. “Problem həqiqətən çox yığılıb, normal infrastrukturun bərpası, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədində, xüsusən də dövlət sərhədinin əslində olmadığı yerlərdə müvafiq işlər aparmaq üçün sərhədlərin çəkilməsi ilə bağlı suallar mövcuddur. Bu, yalnız müttəfiq respublikalar arasındakı inzibati sərhədlər idi. Biz hazırda bu işlə məşğuluq, Rusiya, Azərbaycan və Ermənistandan ibarət xüsusi üçtərəfli qrup yaratmışıq. Biz regionda normal münasibətlərin bərpa olunmasından ötrü əlimizdən gələni edəcəyik”, - deyən Rusiya dövlətinin başçısı əlavə edib ki, bu işin benefesiarı Dağlıq Qarabağın sakinləri olmalıdır. Rusiya Prezidenti sözünə yekun vuraraq deyib: “Mən istərdim fikirləşəm ki, onilliklər ərzində üst-üstə toplanan bütün çətinliklərə baxmayaraq, bu, belə də olacaq”.//AZƏRTAC