Azərbaycan-İran sərhədində atışma olub, ölən var

İyul ayının 5-də saat 23:45 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.

DSX-dən verilən məlumata görə, sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd çanta müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqa­vimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri – hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Qurbanov Məzahir Sahil oğlu güllə yarası almış, ona ilkin yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanaya təxliyə edilmiş, lakin sərhəd pozucusu yolda ölüb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar.

Əraziyə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə keçirdilkəri 1 ədəd çantada təxmini çəkisi 6895 qram narkotik vasitəyə bənzər maddələr (4065 qram – heroin, 1385 qram – tiryək, 325 qram – metamfetamin, 1000 ədəd metadon-40 həbi, 260 ədəd preqabalin) və dərman preparatları (10 ampula – ravit 8, 30 kapsula – wellman, 10 ampula – testosterone) aşkar olunaraq götürülüb.

Bu barədə İİR tərəfi dərhal məlumatlandırılıb, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əla­qədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.