SEYİDAĞA AĞAYEV-75

Görkəmli Azərbaycan geoloqu AĞAYEV  SEYİDAĞA  ƏLƏKBƏR  oğlunun anadan olmasının 75 ili tamam olur.                        

           O, ölkəmizdə məşhur olan geoloq idi. Nəhəng ehtiyatlara malik Filizçay kolçedan-polimetal yatağının yekun hesabatının əsas müəllifi, həmçinin Filizçay qrupu Kasdağ və Katex yataqlarının ehtiyatlarının hesablanmasında, hesabatlarının hazırlanaraq Moskvada SSRİ Nazirlər Sovetinin Faydalı Qazıntılar üzrə Dövlət Ehtiyatlar Komissiyasında yüksək  qiymətlə qəbul olunmasında əlahiddə xidmətləri olmuş bir insan idi. S.Ağayevin əzizləri və çoxsaylı dostları onun 75 illik Yubileyini təntənə ilə keçirməyə hazırlaşarkan o gözlərini əbədi olaraq yumdu.

                                    ALLAH RƏHMƏT ELƏSİN.

 

           AĞAYEV  SEYİDAĞA  ƏLƏKBƏR  oğlu 1946-cı il noyabr ayının 23-də Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakultəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. S.Ə.Ağayev 1968-1969-cu illərdə təyinatla Ural Geologiya İdarəsində geoloq vəzifəsində işləmişdir. Azərbaycana qayıdandan sonra “Artyomneft” Trestinin Neft-Tədqiqatları Laboratoriyasında mühəndis, Moskva Mərkəzi Elmi-Tədqiqat Geoloji-Kəşfiyyat İnstutunun Azərbaycan Labaratoriyasında kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1971-1988-cı illərdə S.Ə.Ağayev Azərbaycan Geologiya İdarəsinin Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasının geoloji partiyalarında çalışmış, geoloq vəzifəsindən ekspedisyanın baş geoloqu, rəisi vəzifəsinə qədər yüksəlmişdir. S.Ə.Ağayevin iştirakı və rəhbərliyi altında aparılmış geniş miqyaslı kompleks axtarış-kəşfiyyat, tematik və elmi-tədqiqat işlərinin nəticəsində Filizçay, Katex, Kasdağ və bir sıra perspektivli kolçedan-mis-polimetal yataqlarının sənaye əhəmiyyəti müəyyənləşdirilmiş və ehtiyatları SSRI Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmiş,   Respublikada nəcib və əlvan metallurgiya sənayesinin yaradılması üçün etibarlı xammal bazasının təməli qoyulmuşdur. 1988-1990-cı illərdə “Azərbaycangeologiya” İstehsalat Birliyinin Normativ Tədqiqatlar Partiyasının rəisi vəzifəsində işləmişdir. 1990-1991-ci illərdə S.Ə.Ağayev Kuba Respublikasına ezam olunmuş və orada ekspedisiyanın baş geoloqu vəzifəsində mis, qurğuşun, sink, qızıl, gümüş, yataqlarında aparılan axtarış-kəşfiyyat işlərinə rəhbərlik etmişdir. 1991-2001-ci illərdə Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin mərkəzi aparatında şöbə rəisi vəzifəsində çalışmışdır. 2001-2012-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsində şöbə rəisi, baş məsləhətçi vəzifələrində işləmişdir. S.Ə.Ağayev 30-dan çox elmi məqalənin və 10 geoloji hesabatın müəllifidir. Çoxcildli “Azərbaycan Geologiyası” monoqrafiyasının VI-cild “Faydalı Qazıntılar” (2005-ci il), “Böyük Qafqazın Cənub yamacının qurğuşun-sink yataqları” bölməsinin müəllifi, “Azərbaycanın Mineral-Xammal Ehtiyatları” kitabının (əlvan metallar: mis, qurğuşun, sink; Böyük Qafqaz) həmmüəllifidir. Müstəqil Azərbaycanda yerin təkindən istifadəsi ilə əlaqədar qanunvericilik bazasının yaradılmasında S.Ə.Ağayevin əvəzsiz xidməti olmuşdur. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də həmin Qanunun tətbiq edilməsi ilə əlaqədar 20-dən çox qaydalar onun tərəfindən hazırlanmış, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Fərman, Sərəncam və Qərarları ilə təsdiq edilmişdir. Geologiya sahəsində nailiyyətlərinə görə S.Ə.Ağayev “Yer təkinin əlaçı kəşfiyyatçısı” döş nişanı,” Fədakar əməyə görə” və “Yer təkinin kəşfiyyatında xidmətlərinə görə” medalları ilə təltif olunmuşdur.

    S.Ağayev iyul ayının 4- də Bakı şəhərində vəfat etmişdir.