Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayır

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir.

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayır.

“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək.

Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.