Mustafa Şentop: Azərbaycan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə uğurla sədrlik edəcək

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzu artıb. Həmçinin Azərbaycan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də uğurla sədrlik edəcək. Azərbaycan çox bacarıqlı və müdrik siyasət yürüdür. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün bütün səylərini ortaya qoyur.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında çıxışı zamanı deyib.

"Terror bu gün bütün dünyanın gündəmində duran əsas məsələdir. Türkiyə olaraq biz terrorun bütün formaları ilə mübarizə aparırıq, beynəlxalq təhlükəsizliyə ciddi töhfələr verməyə davam edirik. Koronavirusla mübarizə zamanı çoxtərəfliliyin nə qədər vacib olduğunu bir daha gördük. Qlobal məsələlərlə qlobal işbirliyi şəklində mübarizə aparılmalıdır", - deyə Mustafa Şentop vurğulayıb.//Azərtac