Prezident İlham Əliyevin nitqi - TAM MƏTN

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.

Prezident İlham Əliyevin giriş
nitqi
- Bu gün ilin altı ayının yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.

Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Eyni zamanda, Gənclər Platforması da yaradılır. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır. Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu, əlbəttə ki, böyük dərəcədə artırmışdır.

Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılmışdır. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etmişdir. Biz bu təşkilatla çox fəal əməkdaşlıq edirik. Əslində, biz bu təşkilatın çox fəal üzvüyük və bizim təşəbbüsümüzlə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Bu dəfə isə yeni seçilmiş Baş katib, eyni zamanda, azad edilmiş torpaqlara səfər edib - Füzuliyə, Şuşaya. Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, - istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, - erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq. Avropa İttifaqı Şurasının Prezidenti ilə mənim bir neçə görüşüm olub, həm də telefon danışıqlarımız olub və əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.

Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılıb. Əlbəttə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir. Bu il mənim Türkiyə Prezidenti ilə üç görüşüm olub. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Azərbaycana səfər etmişdir və görüş keçirilmişdir. Eyni zamanda, iyun ayında mənim Özbəkistana və Türkmənistana səfərlərim olub, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşlərim olub. Gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Yəni bu, sadəcə olaraq, görünən məsələlərdir və onlar göstərir ki, bu təmaslar nə qədər fəal inkişaf edir, fəal surətdə inkişaf edir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.

Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb – mənim Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşlərim bir daha bunu göstərir.

Eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır, yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti mənə iki dəfə məktub göndərmişdir - həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb. Əgər ümumiyyətlə, son illərin tarixçəsinə nəzər salsaq görərik ki, Azərbaycan hər istiqamət üzrə irəliləyib. Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq. Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik. Əlbəttə, bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik. Əminəm ki, bundan sonra da belə olacaq. Çünki əsas beynəlxalq oyunçularla, əgər belə demək mümkündürsə, bizim artıq oturuşmuş və dərin məzmunlu əməkdaşlıq formatımız vardır.

Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.

Əgər müsbət məqamlardan söhbət açsaq, sadəcə olaraq, deyə bilərəm ki, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilmişdir. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Çünki məhz Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışırdı. Ermənistan tərəfi buna o qədər də meyilli deyildi. Ancaq birinci görüş keçirildi. Əlbəttə, bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı. Gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaqdır. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik.

Digər müsbət hal ondan ibarətdir ki, yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. Bu beş prinsip nədən ibarətdir, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir, təkrarlamaq istəmirəm. Ancaq təmasda olduğum bütün tərəf müqabilləri ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Biz bu məsələni bir neçə qonşu dövlətlə müzakirə etmişik - Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu mövqe dəstəklənir. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları - biz bu tərəfdaşlarla da bu məsələni müzakirə etmişik və faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılıb. Yenə də Azərbaycan təşəbbüs göstərib, yenə də bu beş prinsipi formalaşdıran bizik və əgər biz bu təşəbbüsü öz üzərimizə götürməsəydik, bu günə qədər bu istiqamətdə də heç bir inkişaf olmazdı.

Düzdür, Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın. Çünki sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb. Hesab edirəm ki, bu, yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər.

Əfsuslar olsun ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa, mən hər hansı bir müsbət məqam tapa bilmirəm. Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir.

İkinci mənfi məqam ondan ibarətdir ki, yenə də həmin 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında irtibat qurulmalı idi və Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü. Ancaq bu günə qədər bizə bu imkan verilmədi. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün bizim imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, biz görmürük ki, Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün.

Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu bizə verilməyib. Bir il səkkiz ay keçib, mən bu məsələni dəfələrlə qaldırmışam, o cümlədən Brüssel görüşlərində - mənim, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurası prezidentinin görüşləri əsnasında üç dəfə qaldırmışam. Bu günə qədər bizə marşrut verilmir. Orada cəmi 40 kilometr məsafədir. Bunun bir çox marşrutları ola bilməz. Özü də aydın məsələdir ki, orada bütün mövsümlərdə və günün 24 saatında istifadə edə biləcək yolların marşrutları da o qədər də çox deyil. Deməli, bu marşrutun bizə verilməməsi, bu istiqamətdə işlərin aparılmaması, texniki-iqtisadi əsaslandırmanın hazırlanmamasının bir səbəbi var - Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir, ancaq bunu etiraf etmir. Ona görə biz haqqımızı tələb edirik. Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır.

Digər məqamlardan biri də odur ki, son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. Buna oxşar mənfi məqamlar çoxdur. Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz - bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Bunu biz deyirik. Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan tərəfi yenə də, hər dəqiqəbaşı Minsk qrupu belə gəldi, Minsk qrupu belə getdi deyir. Bu, nə deməkdir? Sadəcə olaraq, biz yenə də bunun arxasında ölkəmizə qarşı ərazi iddiası görürük. Bir tərəfdən, Ermənistan bizim beş prinsipimizi qəbul edir, bunu etiraf edir - onların arasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından əl çəkilməsi və digər müddəalar var - digər tərəfdən, Minsk qrupu elə bil, nə iləsə məşğul olmalıdır. Onda sual olunur: Nə ilə məşğul olmalıdır? Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir - öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir.

Ona görə, bilirsiniz, bax, bu mənfi meyillər güclənir. Bütün məsələlərlə bağlı, məsələnin həlli üçün, yaxud da düzgün təhlil aparmaq üçün gərək sən o meyilləri düzgün seçəsən. Hələ ki, bu, hansısa bir ciddi fəsada çevrilməyib. Amma əgər bu zərərli meyillərin qarşısı alınmasa, bir gün bunun fəsadı ola bilər. Biz bunu istəmirik, biz sülh istəyirik. Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Nəyi etmişiksə, Azərbaycan ərazisində etmişik, özü də elə etmişik ki, hər kəs bizim hərbi əməliyyatımıza həsəd apara bilər. Ancaq bu meyili görməmək də mümkün deyil. Ona görə biz bunu görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hərə də bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın. Bu məsələ ilə bağlı hələlik bu qədər. Çox da dərinə getmək istəmirəm. Yenə də deyirəm, biz xarici işlər nazirlərinin sabahkı görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik.

Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var. Biz hərbi xərclərimizi keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdik və hesab edirdik ki, bu, kifayətdir. Ancaq sonra, bax, dediyim məsələlərə görə və digər məsələlərə görə, burada demədiyim məsələlərə görə biz hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Mən bunu da demək istəyirəm. Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək.

Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. İndi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.

Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək.

Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola.

Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub. Baxın görün, son müddət ərzində əməkhaqları nə qədər artıb. Bu il, məsələn, orta əməkhaqqı haradasa 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir. O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik, bax, dediyim səbəblərə görə. O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlaşdırsınlar, bir az diqqətli olsunlar.

Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var.

Biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik. Yəni, dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Çünki bəli, dünyada neftin qiyməti qalxıb, amma, eyni zamanda, dünyanın kapital bazarları çöküb, bunu da hər kəs bilməlidir. Bəzən kimsə fikirləşir ki, neftin qiyməti artıb, Azərbaycan daha çox zənginləşib. Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız əsasən istiqrazlardadır, səhmlərdədir. Açsınlar baxsınlar, dünyanın kapital bazarları necə çöküb. Əlbəttə, bu, müvəqqətidir. Bütün suveren fondlar bu vəziyyətlə üzləşiblər. Mən indi başqa suveren fondların itkilərini demək istəmirəm, amma burada 10 milyardlarla itkilərdən söhbət gedir - böyük suveren fondların, bu kapital bazarının çökməsi nəticəsində. Bu, bizə də mənfi təsir göstərir. Ancaq biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir.

Ona görə iqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru.

O ki qaldı, iqtisadi artıma, əlbəttə, biz bunu hər dəfə iki yerə bölürük - iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı. Hər iki istiqamət üzrə yaxşı nəticələr var. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq.

Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq. Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq - bunu hər kəs, necə deyərlər, real bir fakt kimi qəbul edir və bu, çox yaxşıdır. Mən çox şadam ki, bunu hər kəs belə görür və belə də qəbul etməlidir. Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəziləri görmür və yaxud da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda, qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır.

Bizim xarici ticarətimiz də böyük dərəcədə artıb - haradasa 70 faizdən çox. İxracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər. Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biri sayıla bilərdi və əslində, belədir.

Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır. İndi baxın görün, inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Biz qoymuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayağımızı yorğanımıza görə uzadırıq.

Bütün bunları pandemiyadan təzə çıxmış ölkə əldə edir. Halbuki, əfsuslar olsun, yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır dönəmində də qapanmaya getmişdik, sonra vəziyyət yaxşılaşanda açılırdıq. Yəni, bu, canlı bir prosesdir. Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm.

Bir sözlə, iqtisadi sahədə bu altı ayda görülmüş işlər, əlbəttə, aparılan islahatların nəticəsidir və bu nəticələr, bu rəqəmlər deməyə əsas verir ki, ilin sonuna qədər də nəzərdə tutulmuş bütün planlar reallaşacaq.

Bir neçə kəlmə energetika sektoru ilə bağlı demək istərdim. Çünki bizim üçün bu, həmişə prioritet olub. Amma bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Bu sahədə də biz işimizi planlı şəkildə aparırıq. Əlbəttə, uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına və nəhayət, buna nail ola bilmişik. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik.

Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Yəni, bu sahə bizdə İkinci Qarabağ müharibəsinə qədər prioritet sahə idi. Ancaq bu gün bu, artıq yeni pilləyə qalxır. Yenə də demək istəyirəm ki, bərpaolunan enerji növlərinin istehsalına, - su elektrik stansiyalarından başqa, - dövlət bir manat da pul qoymur, ancaq xarici investisiyalar qoyulur. Əlbəttə, bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlikli xətlərlə ixrac edirik. Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza tələbat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz, əlbəttə ki, bu istiqamətdə işləyirik. Perspektivli yataqlardan çıxarılacaq qazı həm daxili tələbatı ödəmək üçün, eyni zamanda, ixrac üçün də nəzərdə tutmuşuq. Hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir. Yəni, çox böyük resursdur və bütün sadaladığım layihələr üzrə fəal işlər gedir. Bu, sadəcə olaraq, kəşfiyyat layihələri deyil, fəal işlər gedir. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Yəni, bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.

Əlbəttə ki, ölkəmizin həm beynəlxalq nüfuzu artır, imkanları artır, gəlirləri artacaq, biznes şəraiti yaxşılaşır. Energetika nəqliyyatla bərabər bundan sonra da bizim üçün əsas sektorlardan biri olacaq. Nəqliyyat sahəsində də artım var. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Mən hələ 5 ayın nəticələrini deyirəm, 30 faiz artım çox böyük artımdır. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq.

Nəqliyyat sektorunda görüləcək işlərlə bağlı hökumətə tapşırıqlar artıq verildi. Bir daha qeyd etmək istəyirəm, bizim gəmiqayırma zavodumuz tam gücü ilə işləməlidir, nə qədər imkanı varsa, o qədər də gəmi, tanker, bərə istehsal etməlidir. Bu zavodun imkanları gərək yenidən araşdırılsın. Mənə verilən məlumata görə, ildə 6 tanker - bərə, yük gəmisi istehsal oluna bilər. Baxmaq lazımdır ehtiyac nə qədərdir, Xəzəryanı ölkələrdə gəmilərin sayı nə qədər artacaq. Qonşu ölkələrlə bu məsələləri müzakirə etməliyik. Ola bilsin, biz qonşu Xəzər ölkələri ilə istehsal olunacaq gəmilərin növləri ilə bağlı hansısa razılığa gələk ki, eyni gəmi növlərini istehsal etməyək. Çünki Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. İndiki şəraitdə biz buna hazırıq. Amma biz Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlamalıyıq, limanı genişləndirməliyik. Mənə bu yaxınlarda verilən məlumata görə, artıq ərazimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa etmişik, birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır. Hökumətə də tapşırıq verildi, nə lazımdırsa, onu edəcəyik. Dibdərinləşdirmə işləri də aparılmalıdır. Çünki Xəzərin suyunun səviyyəsi düşür. Ona görə gəmilərin daha sürətlə gedib-gəlməsi üçün yeni kanallar qazılmalıdır. Odur ki, dibdərinləşdirmə işləri də, bunlar da nəzərdə tutulur. Limanın genişləndirilməsi, yeni gəmilərin inşası, bütün bizim nəqliyyat qurumlarının vahid mexanizm kimi işləməsi. Çünki əvvəllər bu, yox idi, necə deyərlər, hərəsi yorğanı öz tərəfinə dartırdı. İndi gəmiçilik, liman, dəmir yolu bir mexanizm kimi işləməlidir və mən bunu hökumətə tapşırmışam. Baş nazirin rəhbərliyi altında indi müşavirələr keçirilib. Gələn ilin büdcəsi formalaşanda, əlbəttə ki, biz bu sahəni xüsusilə nəzərdə saxlamalıyıq. Çünki bu, bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz - açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik.

Əlbəttə ki, Qarabağda gedən işlərlə bağlı bir neçə kəlmə demək istərdim. Çox danışmaq istəmirəm, çünki hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Həmçinin tarixi abidələrin bərpası. Yəni, burada hər şey plan üzrə gedir. Qeyd etdiyim kimi, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək.

Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.

Bir sözlə, yenə də deyirəm, bu gün mən görülmüş işlərin kiçik hissəsini işıqlandırdım. Amma bu da kifayətdir hər kəs görsün ki, nəhəng işlər görürük və qarşıda duran bütün vəzifələri icra edəcəyik.

İndi isə söz verilir əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə.

x x x

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, verdiyiniz yüksək qiymətə görə təşəkkür edirəm. Həqiqətən də Sizin rəhbərliyiniz altında Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ana xəttini hər zaman əhalimizin sosial rifahı təşkil edib. Bu istiqamətdə ardıcıl olaraq verdiyiniz tapşırıqlar nəticəsində təkcə cari il ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşımızı əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşımıza əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşımızı əhatə edib və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Son dörd il ərzində 3 sosial islahat paketi ilə 4 milyon vətəndaşımız əhatə olunub. Onlar üçün illik 6 milyard manatlıq əlavə dövlət vəsaiti ayrılıb və nəticədə Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Əməkhaqqı fondu 2,2 dəfə, əhali arasında gəlirlərin bölgüsünün ədalətlilik göstəricisi olan median əməkhaqqı 86 faiz artıb.

Sosial ödənişlərdə isə artımlar daha böyük rəqəmlərlə ifadə olunur. Minimum pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta pensiya 75 faiz artıb. Sosial müavinətlər və təqaüdlər isə 3,5 dəfə artıb ki, bu da xüsusilə həssas təbəqədən olan insanları əhatə edir. Əlavə sosial islahatlar çərçivəsində təkcə sosial müavinət və təqaüdlərə də illik 1 milyard manat ayrılıb.

Bu dövrdə Sizin tapşırığınızla əsas hədəfimiz, əlbəttə ki, Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusunun Vətən müharibəsində böyük Zəfər qazanmasından sonra şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarının sosial müdafiəsinə, sosial dəstək tədbirlərinə yönəlib. Postmüharibə dövründə 100 min unikal fərdə 193 min xidmət göstərilib. Bunun ən böyük istiqaməti sosial ödənişlərdir. Sosial ödənişlər çərçivəsində 94 min unikal şəxsə 105 min sosial ödəniş təyin olunub. Bu ödənişlərin məbləğləri - ötən il sosial müavinətlər 60 faiz, bu il isə təqaüdlər 60 faiz artırılıb. Bu ödənişlərin mütləq əksəriyyəti proaktiv qaydada – sənədlərin elektron qaydada toplanması ilə əlaqədar şəffaf şəkildə baş verib.

Siz mənzil proqramı ilə bağlı görülmüş işləri artıq qeyd etdiniz. Bu il bu kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilib və nəzərdə tutulan plan 1500 mənzildir. Növbəti iki ay ərzində daha 500 mənzil və fərdi evin bu kateqoriyadan olan insanlarımıza təqdim edilməsi planlaşdırılır. Beləliklə, biz Bakı, Sumqayıt və Abşeron ərazisində Sizin tapşırığınıza uyğun olaraq, əsas kontingent olan şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yekunlaşdıracağıq. Paralel olaraq regionlarımızda, böyük şəhərlərimizdə də bu iş davam etdirilir. Əlavə olaraq cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib.

Digər bir istiqamət məşğulluqdur. Postmüharibə dövründə artıq 19 min şəhid ailəsi üzvü, müharibə əlili və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Onların aktiv məşğulluq proqramına cəlb olunmaları üçün imkanları dəyərləndirilib, istəklərinə uyğun olaraq, böyük bir qismi - 8 min nəfəri özünüməşğulluq proqramlarına cəlb edilib. Bu, 8 min ailədə kiçik ailə təsərrüfatının qurulması onların daimi gəlir mənbəyinin yaradılması imkanıdır. Burada əsas mənbə İşsizlikdən Sığorta Fondu, yəni, dövlət vəsaitləri olub. Paralel olaraq, Dünya Bankı ilə layihə də icra edilir. Sizin ötən müşavirələrdə verdiyiniz tapşırığa uyğun olaraq, Banklar Assosiasiyası və Həmkarlar İttifaqları Konfederasiyası da bu prosesə qoşulub.

İşədüzəldilmə proqramı üzrə 5400 müharibə əlili və veteranı münasib işlə təmin olunub. Burada da Sizin qeyd etdiyiniz Məşğulluq Marafonu çox böyük rol oynadı, özəl sektordan 600-dən çox şirkət 2500-dən çox müharibə əlilini işlə təmin etdi. Bu proses davam edir.

On bir min müharibə əlili və müharibə veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. Onlara 21 min reabilitasiya vasitəsi təqdim edilib. Qeyd etdiyiniz kimi, artıq 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Daha öncəki dövrdə Qarabağ müharibəsi əlillərindən 130 nəfər də bu protezlərlə təmin edilib. Yəni, son bir il yarımda bu protezlərlə təchiz edilən hərbçilərimizin sayı 330-a çatıb. Vətən müharibəsi əlillərindən protezləşməyən cəmi iki nəfər qalıb. Onların müalicə prosesi davam etdiyinə görə hələlik texniki olaraq bu, mümkün deyil. Amma tam hazırlıq var və həmin iki nəfərin müalicəsi bitdikdən sonra protezləşmə Vətən müharibəsinin bütün qazilərini əhatə etmiş olacaq. Bu işlərin əlaqələndirilməsi üçün ötən ilin avqustunda Sizin müvafiq Fərmanınızla Vahid Əlaqələndirmə Mərkəzi yaradılıb. Artıq 48 rayon üzrə 11 regional mərkəzdə yerli icra hakimiyyəti orqanlarının və 5 mərkəzi icra hakimiyyəti orqanının 26 növ xidməti bu mərkəzdə toplanıb. Bu günədək Vahid Əlaqələndirmə mərkəzlərində 41 min şəhid ailəsinin üzvü, Vətən müharibəsi veteranı və əlilinə xidmətlər göstərilib.

Cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, inzibati icraatın inkişaf etdirilməsi və elektronlaşma tədbirləri çərçivəsində də iki əsas istiqamətdə islahatlarımız davam etdi. Birinci istiqamət hörmətli Birinci vitse-prezidentimizin təşəbbüsü olan DOST konsepsiyası idi. DOST konsepsiyası çərçivəsində artıq 1 milyona yaxın vətəndaşımıza xidmət göstərilib. Beş mərkəzimiz bu ilin birinci yarısında 313 min vətəndaşı qəbul edib, onlara xidmət göstərib. Qəbul edilən hər bir vətəndaşın qarşılarındakı elektron monitorda verdiyi qiymətə əsasən vətəndaşlarımızın məmnunluq səviyyəsi 98 faiz olub. Şəbəkənin genişləndirilməsi istiqamətində işlər görülüb. Artıq Zəngilanın Ağalı kəndində ilk “smart DOST” məntəqəsi Sizin iştirakınızla istifadəyə verilib. Düşünürük ki, bu “smart” məntəqələr növbəti mərhələlərdə digər ərazilərimizdə də bizə dəstək olacaq. Paralel olaraq, Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarımızda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. Onlar da istifadəyə verildikdən sonra şəbəkə bütün ölkəni əhatə edəcək.

Elektronlaşma tədbirlərimiz isə genişlənərək davam edir. Bu ilin ilk 6 ayında 125 milyon elektron xidmət göstərilib. Nazirliyin əhaliyə göstərdiyi xidmətlərin 110-u artıq tam elektron platformadan icra olunur. Cari ilin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq. Beləliklə, əhaliyə göstərilən xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq. Görülən bu işlər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilib. Bu ilin ilk 6 ayında DOST konsepsiyası, elektronlaşma işləri 18 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Dövlət Sosial Müdafiə Fondu və elektronlaşma işləri Böyük Britaniyada keçirilən nüfuzlu müsabiqədə “İlin dövlət qurumu” mükafatına layiq görülüb. DOST Agentliyi “Avropa sosial xidmət mükafatı”nı əldə edib. İlk dəfədir ki, Avropa İttifaqının üzvü olmayan ölkənin qurumu belə yüksək mükafata layiq görülüb.

Sosial xidmət sahəsində dünyada ən böyük beynəlxalq təşkilat olan Beynəlxalq Sosial Təyinat Assosiasiya tərəfindən həm DOST Agentliyinə, həm də Dövlət Sosial Müdafiə Fonduna cari il ərzində 4 ən yaxşı təcrübə mükafatı təqdim edilib. Eyni zamanda, keyfiyyətli idarəetmə, korrupsiyaya qarşı idarəetmə və müştəri məmnunluğu sahələrində nazirliyin qurumları tərəfindən 12 beynəlxalq ISO sertifikatı əldə olunub. Bu islahatlar Sizin tapşırıqlarınıza və tövsiyələrinizə uyğun olaraq, növbəti dövrdə də icra olunacaq.

Təşəkkür edirəm.

x x x

Prezident İlham Əliyev: Sağ olun. İndi isə söz verilir iqtisadiyyat nazirinə.

x x x

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək dedi:

- Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Dünya iqtisadiyyatında və bölgədə baş verən proseslər qlobal iqtisadi aktivliyə mənfi təsir etməkdə davam edir, dünya bazarlarında başlıca əmtəələr üzrə yüksək qiymət təzyiqinə səbəb olaraq qalır. Belə ki, cari ilin iyun ayında ötən ilin iyun ayı ilə müqayisədə dünya bazarında buğda 30 faiz, xam palma yağı 50 faiz, kərə yağı 29 faiz, günəbaxan yağı 45 faiz, qarabaşaq 43 faiz bahalaşıb. Bununla yanaşı, cari il iyun ayının sonuna dünya bazarlarında təbii qazın qiyməti ilin əvvəlindən 42 faiz, “Brent” markalı neftin bir barel spot qiyməti isə 53 faiz artmışdır.

Qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, 2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Kənd təsərrüfatında ola bilsin ki, iqlimlə bağlı ilk altı ayda artım hələ ki, müsbət zonadadır, lakin minimal müsbət zonadadır. Sənaye zonalarının ölkədə sənayeləşmə proseslərinə töhfəsi artmaqdadır. 2022-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artmışdır.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə hazırda ölkəmizin sənaye potensialının maksimum reallaşdırılmasına xüsusi diqqət yetiririk. Belə ki, zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması nəticəsində bir sıra dövlət və özəl müəssisələr - “SOCAR Karbamid”, “SOCAR Metanol”, “Azerfloat” artıq tam istehsal gücləri ilə fəaliyyət göstərir. Paralel olaraq, rəqabət üstünlüklərini gerçəkləşdirmək üçün qazdan xammal kimi istifadə etməklə bir sıra yeni istehsal layihələrinin də işə salınması üzərində fəal iş aparılır. Bu qəbildən olan və Sizin tapşırığınıza uyğun olaraq yaradılmış iki yeni müəssisəni uğurlu nümunə kimi qeyd edə bilərəm. Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” və “Glassica” müəssisələrinin inşasını artıq başa çatdırmışıq və onlar açılışa tam hazırdır. Daha bir neçə xarici investorla iş aparılır. Eyni ərazidə yerləşən, Çin investoruna məxsus “Azərbaycan Vanhong Ceramics Co.” zavodunda 400 iş yerinin yaradılması nəzərdə tutulur. İldə 18,5 milyon kvadratmetr keramik plitə istehsal edəcək müəssisə təməlqoyma üçün tam hazır vəziyyətdədir.

Daşkəsən dağ-filiz mədən klasterinin yaradılması üzrə işlər tapşırığınıza əsasən, uğurla və qrafikə uyğun olaraq həyata keçirilir. Bu gün Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis və dəyərləndirilməsinə dair müqavilə imzalanıb. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon ABŞ dolları həcmində sərmayənin qoyulması nəzərdə tutulur. Siz Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin aktivləşməsi mövzusuna toxundunuz və tranzit yükdaşımaları ilə bağlı bu fəaliyyəti həmkar qurum, struktur və nazirliklər ilə çalışaraq sıx əlaqələndiririk. Hesab edirik ki, zavodun fəaliyyətinin genişlənməsi bir tərəfdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin donanmasının modernləşməsinə və nəticədə həm Azərbaycan vasitəsilə tranzit yükdaşımaların buraxılış qabiliyyətinin artırılmasına imkan yaradır, digər tərəfdən isə sənayeləşmə və məşğulluq proseslərinə mühüm töhfə verir.

İnvestisiyalara gəldikdə, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub. Qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5 faiz təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda əlavə dəyər 8 faizədək artıb.

Azad olunmuş ərazilərdə irimiqyaslı tikinti-bərpa işləri bölgədə iqtisadi fəallığa müsbət təsir göstərməklə yanaşı, bu ərazilər ətrafındakı bölgələrdən böyük işçi qüvvəsinin cəlb edilməsinə də şərait yaradır. Azad olunmuş ərazilər üçün Sizin tapşırığınızla tərəfimizdən hazırlanan və geniş iqtisadi stimulları əhatə edən xüsusi proqramın tətbiqi yaxın gələcəkdə regionda iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıracaq.

Möhtərəm cənab Prezident, Siz xarici ticarətlə bağlı dinamikaya da toxundunuz. Onu vurğulamaq istərdim ki, qeyri-neft-qaz məhsullarının ixracının 60 faizini sənaye məhsulları təşkil etdiyi halda, sənaye məhsullarının ixracı 42 faizədək artıb. Bu da sənaye potensialının artırılması ilə birbaşa bağlıdır.

Bu ürəkaçan nailiyyətlərin əldə olunmasında əsas amillər kimi, Sizin rəhbərliyinizlə dərinləşən iqtisadi islahatların real effektlərini qeyd etmək mümkündür. Uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin enerji istehsalçısı olması və enerji ilə yanaşı, beynəlxalq əhəmiyyətli haba çevrilməsi, qeyri-neft nəqliyyat tranzit infrastrukturunun mövcudluğu, dövlət müəssisələrinin idarə edilməsində effektivliyin artırılmasının təsiri, - burada Azərbaycan İnvestisiya Holdinqi də tapşırığınızla fəaliyyətini davam etdirir, - və kölgə iqtisadiyyatının azaldılmasına yönəlmiş fəaliyyətin nəticələrini qeyd edə bilərik.

Sizin tapşırıqlarınızdan biri antiinflyasiya tədbirləri ilə bağlı idi. Cari ilin yanvar-iyun aylarında inflyasiya 12,9 faiz təşkil edib, o cümlədən qida məhsulları üzrə qiymət indeksi 19 faiz artıb. Bununla əlaqədar ölkədə antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir. Həmin tədbirlər planı çərçivəsində ərzaq bazarlarında sağlam rəqabətin təmin edilməsi və qiymət manipulyasiyasının qarşısının alınması, minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması, bu məhsullar üzrə idxalın dayanıqlılığının və ixraca effektiv nəzarətin təmin edilməsi, onların daxili istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Möhtərəm cənab Prezident, Siz vergi daxilolmalarını qeyd etdiniz, müqayisə üçün bir-iki rəqəmi əlavə etmək istərdim. Cari ildə ötən ilin eyni dövrü ilə müqayisədə vergi mədaxili 49 faizdən çox artıb. Qeyri-neft sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 38 faizdən çox artıb. Onlayn kassa aparatları quraşdırılmış vergiödəyicilərinin dövriyyələrinin 55 faiz artması ticarət sektorunun daxilolmalarının artım tempini sürətləndirən mühüm amillərdən biridir. İqtisadiyyatda “ağarma” proseslərinin miqyasını biz, həmçinin bank sektorunun bəzi göstəriciləri ilə müşahidə edə bilərik. Belə ki, nağd pul kütləsinin cəmi pul kütləsində manatla xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 49 faizdən cari il iyunun 1-nə 44 faizə enib. Plastik kartlar və ölkədaxili əməliyyatlarda isə nağd pulun çıxarılmasının xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 73 faizdən cari il iyunun 1-nə 60 faizə enib. Digər bir misal, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari il iyun ayının 1-də sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarının sayı 47 faiz artıb.

Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 35 faizindən çox artmasını da xüsusilə qeyd etmək lazımdır. Özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında xüsusi çəkisi 75 faizi üstələyir. Paralel olaraq, digər yığımlarda həyata keçirdiyimiz fəaliyyət barədə məruzə edirəm ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 112 faiz, işsizlikdən sığorta haqları üzrə 118 faiz və icbari tibbi sığorta haqları üzrə 107 faiz icra edilib. Dövlət əmlakının idarə edilməsi sahəsində cari ilin ilk altı ayında özəlləşdirmə prosesinə investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması, şəffaflığın daha da artırılmasını rəhbər tutmaqla, 500-ə yaxın müəssisə və obyekt, dövlət mülkiyyətində olan 150-yə yaxın torpaq sahəsi özəlləşdirilib. Sizin 2021-ci ildə imzaladığınız sərəncamlarla özəlləşdirməyə açılmış “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bir sıra müəssisələrinin investisiyalara cəlb edilməklə özəlləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, investisiya müsabiqələri nəticəsində özəlləşdirilmiş “Azərtütün” və “Şəki Şərab” MMC üzrə investorlar tərəfindən dövlət büdcəsinə 8,3 milyon manat məbləğində vəsait artıq köçürülüb. Bağlanmış müqavilələrə əsasən, 12,7 milyon manatdan artıq sərmayə qoyuluşunu nəzərdə tutan investisiya proqramlarının icrası çərçivəsində artıq 7,5 milyon manata yaxın məbləğdə investisiya qoyulub, 350 iş yeri yaradılıb, müəssisələrin fəaliyyəti tam bərpa olunub. “Gəncə xalça kombinatı”nın öz profili üzrə fəaliyyətinin dirçəldilməsi və inkişafı ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi məqsədilə hazırlıq işləri gedir və yekun mərhələdədir.

Möhtərəm cənab Prezident, son olaraq mən dövlət şirkətləri sahəsində islahatların nəticəsinə toxunaraq qeyd etmək istərdim ki, İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş əksər dövlət müəssisələri 2021-ci ildə olduğu kimi, 2022-ci ilin birinci rübündə də müsbət maliyyə nəticələri əldə ediblər. Belə ki, SOCAR, “AzerGold”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank 2021-ci ili əməliyyat mənfəəti ilə başa vurublar. Bu şirkətlərin əksəriyyəti tərəfindən dividend ödənilməsi imkanını müsbət qiymətləndiririk. Ən iri portfel şirkəti olan SOCAR 2021-ci maliyyə ilini 8 milyard manat əməliyyat mənfəəti ilə başa vuraraq fəaliyyət tarixinin ən yüksək nəticəsini əldə edib. Xalis mənfəət 2,1 milyard manat olub. Eyni zamanda, 2022-ci ilin birinci rübünün nəticələri də təqribən 3 milyard manat təşkil edərək, artan tendensiyanı qoruyur.

Möhtərəm cənab Prezident, ölkə iqtisadiyyatı inkişaf etdikcə yaranmış maliyyə imkanları ilə yanaşı, sosial-iqtisadi inkişafın sürətləndirilməsi maliyyə ehtiyaclarını da artırır. Dayanıqlı iqtisadi artımın təmin olunması ölkəyə sərmayələrin cəlb edilməsi imkanlarından əhəmiyyətli dərəcədə asılıdır. Bu müstəvidə Sizə müraciət edərək, müvafiq tapşırığınıza uyğun olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının mütəxəssisləri ilə birlikdə hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış dövlət-özəl sektor tərəfdaşlığına dair Prezident Administrasiyasına təqdim etdiyimiz qanun layihəsinin baxılmasına dəstək verməyinizi xahiş edirəm. Alternativ enerji resurslarının istehsalı sahəsində ölkəmizə sərmayə qoyuluşlarına olan yüksək maraq Azərbaycanın böyük potensialını əks etdirir. Digər sahələrə də analoji dünya miqyaslı sərmayələrin cəlb edilməsi üçün zəruri normativ hüquqi çərçivənin yaradılması olduqca vacibdir. Bu baxımdan dövlət-özəl sektor tərəfdaşlığı timsalında effektiv bir mexanizmin uğurlu tətbiqi məhdud dövlət resurslarının ölkənin digər strateji inkişaf istiqamətlərinə yönəldilməsinə də imkan verəcək. Eyni zamanda, Rəqabət Məcəlləsinin layihəsi hökumətə təqdim olunub.

İqtisadiyyatın şəffaflığının təmin olunmasında, hesab edirəm ki, mühüm istiqamətlərdən biri də dövlət satınalmalarının şəffaflığıdır. Verdiyiniz göstərişlərə uyğun olaraq, məruzə edirəm ki, cari ilin altı ayında müsabiqə əsaslı satınalmaların həcmi 94 faizdən çox artıb. Ümumi satınalmalarda müsabiqə əsaslı satınalmaların xüsusi çəkisi hazırda 60 faizə çatır.

Çıxışımın sonunda sahibkarlığa verdiyiniz dəstəyi xüsusi qeyd etmək istəyirəm. Təşəkkürümü bildirmək istəyirəm ki, büdcə dürüstləşməsi prosesində xüsusilə kiçik və orta biznesə yönəldilməsi nəzərdə tutulan kreditlərə əhəmiyyətli əlavə vəsait ayrılıb. Onu da məruzə edirəm ki, verilən kreditlərin 94 faizi regionlarda fəaliyyət göstərən sahibkarların layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Bütün kreditlərin 76 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalının payına düşür.

Diqqətinizə görə təşəkkür edirəm.

 

x x x

Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.

Prezident İlham Əliyevin yekun
nitqi
- Sağ olun. İndi bu ilin iqtisadi göstəriciləri ilə bağlı və ümumiyyətlə, planlarımızın reallaşması ilə bağlı əminəm ki, heç kimdə şübhə yoxdur. Çünki altı ayın yekunları onu göstərir ki, biz istədiyimizə nail olacağıq.

İndi artıq gələn ilin büdcəsi ilə bağlı iş başlamalıdır və hökumət bütün işlərə rəhbərlik etməlidir, bütün qurumlar arasında koordinasiya aparılmalıdır və gələn ilin büdcəsi qarşıda duran vəzifələri icra etmək üçün bizə imkan yaratmalıdır. Dürüstləşmədən sonra builki dövlət büdcəmiz məncə, Azərbaycan tarixində ən böyük büdcədir və biz istəyirik ki, artan imkanları maksimum səmərə ilə ölkəmizin inkişafına və insanların sosial rifahına yönəldək. Gələn ilin büdcəsində - əlbəttə ki, büdcənin parametrləri hələ müzakirə olunacaq, hələ vaxta var, amma mən əsas istiqamət olaraq yenə də sosial siyasəti görürəm. Bu istiqamətdə, bu sahədə son illər ərzində çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq. Ona görə baxın, təkliflər verin, hansı əlavə addımlar atıla bilər ki, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin edilsin, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial məsələləri həll olunsun.

Təbii ki, gələn ilin büdcəsində infrastruktur layihələrinin icrası nəzərdə tutulacaq və hesab edirəm ki, burada əsas məqsəd bu infrastruktur layihələrinin real iqtisadiyyatın artımına nə dərəcədə təsir etməsi məsələsidir. Çünki bütövlükdə son illər ərzində aparılmış işlərlə Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır. Biz bunu həm real həyatda görürük, həm də Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da görürük. Çünki biz indi təbii qazın ixracatçısı olaraq ölkə daxilində qazlaşmanı 96 faizə çatdırmışıq - əlbəttə ki, Qarabağsız, mən o bölgəni nəzərdə tutmuram. Elektrik enerjisinin idxalçısı idik, indi ixrac edirik və ixrac yollarını genişləndiririk. Avtomobil yolları, dəmir yolları, hava limanları, içməli su layihələri, yəni böyük layihələr icra edildi. Əlbəttə ki, növbəti mərhələdə sosialyönümlü infrastruktur layihələri mütləq icra edilməlidir. Biz bu dəfə də xüsusilə məktəb tikintisinə əlavə vəsait nəzərdə tutduq. Hələ ki, əfsuslar olsun, yararsız vəziyyətdə olan məktəblər var. Biz onları təsbit eləmişik və sosial infrastrukturla yanaşı, yenə də deyirəm, real sektora xidmət göstərən infrastruktur layihələrinə xüsusilə baxmaq lazımdır.

Burada mən suvarma ilə bağlı layihələri xüsusilə qeyd etmək istəyirəm. Azad edilmiş ərazilərdə həm böyük su anbarları və su kanallarının tikintisi, həm içməli su təchizatı nəzərdə tutulur - biz Şərqi Zəngəzuru azad etməklə böyük su mənbələrinə yenə də qayıtmışıq, onlar da işğal altında idi. Eyni zamanda, suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək. Bu yaxınlarda Kəlbəcər, Laçın rayonlarında olarkən mənə layihə təqdim edildi. Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən içməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var. Yəni, bu, içməli su ilə bağlı olan problemləri böyük dərəcədə həll edəcək. Ona görə bu layihələrə xüsusilə baxmaq lazımdır.

İçməli suya və suvarmaya gəldikdə, biz, eyni zamanda, xarici investisiyalardan da istifadə etməliyik. Mənə bu yaxınlarda məruzə edildi ki, bəzi şirkətlər Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərmək üçün, o cümlədən Xəzər suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı müraciət etmişlər. Bunun da çox böyük əhəmiyyəti var. Bu, dünyanın bir çox ölkələrində artıq sınaqdan çıxmış layihələrdir və burada dövlət-özəl sektor tərəfdaşlığı da mümkündür. Əlbəttə, eyni zamanda, dövlət xətti ilə, özəl investisiya xətti ilə ayrı-ayrılıqda layihələrin icrası nəzərdə tutulmalıdır.

Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı gələn ilin təklifləri yəqin ki, yaxın aylarda mənə təqdim ediləcək. İnfrastruktur, yaşayış binaları, kəndlərin qurulması - bütün bu layihələr gələn ilin büdcəsində olmalıdır. Çünki biz bu il infrastruktur layihələri ilə daha çox məşğul idik. Buna baxmayaraq, biz Şuşa şəhərində dövlət vəsaiti xətti ilə yaşayış kompleksinin tikintisinə də artıq başlamışıq. Ağdam şəhərində isə özəl sektor xətti ilə yaşayış binalarının tikintisinə başlamışıq. Ona görə dövlət büdcəsində bu məsələlər nəzərə alınmalıdır. Burada da azad edilmiş torpaqlarda binaların inşasında, o cümlədən digər layihələrin icraatında özəl sektor və dövlət tərəfdaşlığı çox vacib ola bilər. Burada qeyd olunan məsələ də hesab edirəm, çox düzgün qoyulub. Dövlət-özəl sektor tərəfdaşlığı üçün əgər qanunvericilikdə əlavələr edilməlidirsə, biz bunu da mütləq etməliyik. Bütövlükdə ölkəmizin investisiya iqlimini daha da yaxşılaşdırmaq üçün nə lazımdırsa, onu da etməliyik. Çünki xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz.

Bizim əsas məqsədimiz indi qeyri-neft sektorunun daha da inkişafı ilə bağlıdır. Bütün ilkin şərtlər var. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Nəhəng neft-qaz layihələri göstərib ki, biz bütün öhdəlikləri yerinə yetiririk. İmzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Bu da bizim bölgəmizdə müşahidə olunan mənzərə ilə müqayisədə bir qədər fərqlidir. Ona görə bu, investor üçün əsas şərtlərdən biridir ki, onun investisiyaları nə dərəcədə qorunur və çalışdığı dövlət öz öhdəliklərinə nə dərəcədə sadiqdir. Bu, bizdə var, gözəl investisiya iqlimi var, hazırlıqlı kadr potensialı var. Bu gün artıq bu, reallıqdır və bu istiqamətdə əlavə addımlar atılacaq.

Bildiyiniz kimi, biz xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramını da yenidən işə saldıq. Kadr hazırlığı, əlbəttə ki, çox vacib olan məsələdir, bu da var.

Ölkəmizdə sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi, milli həmrəylik - bütün bunlar çox önəmli amillərdir. Bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, bəzi yerlərdə investisiyalar üçün ümumiyyətlə şərait yoxdur. Çünki investor riskli ölkəyə getməz. Biz o vaxt - 1990-cı illərin əvvəllərində ən riskli sayılan ölkəyə Ulu Öndərin yorulmaz səyləri nəticəsində milyardlarla dollar investisiya gətirə bilmişik. Haraya? Neft sektoruna. Heç qaz layihələrinə o qədər də maraq yox idi. Çünki bizim üçün ən cəlbedici sektor bu idi. Amma bu gün qeyri-neft sektoruna investisiya qoymaq üçün böyük şirkətlər müraciət edir və müraciətlərin sayı artır. Çünki bütün bu amillərin vəhdəti bunu təmin edir. İnvestisiya iqlimi, böyük şirkətlərlə bizim əməkdaşlığımız, siyasi sabitlik, əlbəttə, İkinci Qarabağ müharibəsindəki Qələbə investorları daha da inandırdı. Çünki artıq müharibə riskləri yoxdur. Eyni zamanda, Azərbaycana olan münasibət, onsuz da müsbət münasibət daha da müsbətə doğru dəyişdi. Çünki bizim kimi 44 gün ərzində o çətin relyefi nəzərə almaqla müharibə aparmaq və qalib gəlmək, əlbəttə, hesab edirəm ki, dünyada hər kəs tərəfindən qiymətləndirilir. Ona görə biz özəl sektoru və xarici investorları ölkəmizə daha böyük sayda cəlb etməliyik. Bunun üçün, əlbəttə, əsas investisiya gətirə biləcək ölkələrdə biz daha da fəal işləməliyik. İqtisadiyyat Nazirliyi və bizim digər qurumlarımız, o cümlədən Turizm Agentliyi bu sahəni də təbliğ etməlidir, təkcə bizim təbii gözəlliklərimizi yox. Azərbaycanda müntəzəm olaraq biznes forumlar, investisiya konfransları keçirilməlidir ki, biz öz imkanlarımızı təqdim edək.

Sumqayıt Kimya Sənaye Parkında gedən işlərlə bağlı mənə məlumat verildi. Orada doğrudan da çox böyük investisiya layihələri icra edilir. Əlbəttə, biz istərdik ki, bizim digər sənaye zonalarımız da o zonaların xüsusiyyətini nəzərə alaraq investisiya layihələri icra etsin, bəlkə də o həcmdə yox, amma orada da bu proses dayanmasın. Çünki bir neçə zonamız var, orada ilkin layihələr icra edildi və biz, o cümlədən xarici investorları bölgələrə cəlb etməliyik - əlbəttə, Cəbrayıl və Ağdam rayonlarına, artıq orada da işlər gedir. Əminəm ki, o zonanın çox böyük perspektivləri olacaqdır.

Qarabağ və Şərqi Zəngəzurda gedən işlərlə bağlı, artıq orada daimi iş yerləri yaradılır. Əlbəttə, orada müvəqqəti iş yerləri, inşaatda işləyənlər üçün, eyni zamanda, daimi iş yerləri yaradılır. Məsələn, 9 yarımstansiya yaradılıb, orada daimi iş yerləri var. Şuşa şəhərində indi otellər fəaliyyət göstərir. Beşulduzlu otel inşa edilir və gələn il o otel hazır olacaq - ondan sonra, tarixi obyektlərin təmir edilməsi. Yəni, bir sözlə, hər bir sahə üzrə daimi iş yerləri yaradılır və bütün cavabdeh qurumlar çalışmalıdırlar ki, o iş yerlərində o rayonlardan olan insanlar çalışsın - gənc nəsil, o rayonların nümayəndələri, onların uşaqları, onların nəvələri. Buna xüsusilə diqqət yetirmək lazımdır.

Keçmiş məcburi köçkünlər arasında da ixtisaslar üzrə seçim aparılmalıdır. Məsələn, energetika, xidmət sektoru, sosial sahə, həkimlər, müəllimlər. İndi Ağdam şəhərində sürətlə məktəb tikilir. Orada kim dərs deyəcək? Ağdamdan olan, orada yaşamış müəllimlər və yaxud onların uşaqları, onların nəvələri. Bax, buna xüsusilə fikir vermək lazımdır. Biz bu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni zamanda, onları iş yerləri ilə təmin edəcəyik. İndi Şuşa şəhərində xəstəxana, məktəb, bir neçə mədəniyyət obyekti tikilir. Orada çalışacaq insanların, əlbəttə ki, əksəriyyəti şuşalılar olmalıdır. Buna fikir verin. Çünki bu, çox vacib olan məsələdir.

Bərpaolunan enerji növləri ilə bağlı mən giriş sözümdə qeyd etdim ki, bizim doğrudan da çox böyük potensialımız var. Artıq kontraktlar imzalandı, icra edilir və yeni kontraktların imzalanması gözlənilir, memorandumlar imzalanıb. Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var. Bunu artıq beynəlxalq mütəxəssislər də qeyd edirlər. Xəzər dənizinin küləyi bəzi hallarda bizim üçün bəlkə də problem yaradır. Amma, əksinə, bu, Bakının havasını təmizləyir. Xəzri əsəndə biz hamımız sevinməliyik ki, şəhərə təmiz hava gəlir. Amma bu küləyin də çox böyük faydası ola bilər. Bir neçə böyük şirkətdən Xəzər dənizində külək elektrik stansiyalarının tikintisi ilə bağlı ilkin təkliflər gəlib. Onlar indi həm Energetika Nazirliyi, həm İqtisadiyyat Nazirliyi tərəfindən öyrənilir, təhlil aparılır. Əlbəttə, biz bilirik potensial nədir, biz bilirik ki, bu, xarici investorlar üçün cəlbedicidir. Onu da deməliyəm ki, artıq bu sahədə böyük şirkətlər arasında rəqabət var və çox ciddi rəqabət var. Mən indi o şirkətlərin adlarını çəkmək istəmirəm. Amma bu sahəyə investisiya qoymaq istəyənlərin sayı kifayət qədər çoxdur. Ona görə biz düzgün seçim edəcəyik. Yəni, demək istəyirəm ki, mən burada investisiyalarla bağlı qıtlıq görmürəm.

Əsas ixrac yolları. Ona görə mən qeyd etdim - Zəngəzur dəhlizi, Qara dənizin altından çəkiləcək kabel, ənənəvi Azərbaycan-Gürcüstan-Türkiyə yolu, İran-Azərbaycan elektrik bağlantısı - bütün bu infrastruktura yenidən baxmaq lazımdır. Əgər biz orta hesabla, belə demək mümkünsə, ildə 1000 meqavat gücündə elektrik enerjisini ixrac edə biliriksə, bizdə elə potensial olmalıdır ki, 5000 meqavat gücündə elektrik enerjisini ixrac edə bilək. Ona görə mən “Azərenerji”yə tapşırıq verdim, indi hökumətə də, aidiyyəti qurumlara da tapşırıq verirəm, biz bu işi əsaslı etməliyik. Yəni, əlavə 1000 meqavat, yaxud da 1500 meqavatla kifayətlənmək lazım deyil. Bəlkə də daha böyük investisiyalar qoyaq, amma elə edək ki, sabah bizdə artıq enerji hasil ediləndə ixracla problem olmasın. Potensial alıcılarla da danışıqlar başlanmalıdır. Məncə, biz gözləməməliyik ki, kimsə gəlsin qapımızı döysün, bu il özümüz bazarları, mümkün olan bazarları təsbit etməliyik. Oraya heyətlər göndərilməlidir, danışıqlar aparılmalıdır, şərtlər razılaşdırılmalıdır. Çünki gələcək bununla bağlıdır. Biz hamımız yaxşı bilirik ki, artıq ənənəvi enerji növlərinə investisiyalar dayanacaq. Hidrogen, yaşıl hidrogen, elektrik enerjisi - bunlardır gələcəyin enerji növləri. Biz burada bir addım geri olmamalıyıq, əksinə, qabağa getməliyik və bütün imkanlar var.

Kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə kölgə iqtisadiyyatı və narahat edən məsələlər var. Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar. Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın. Çünki texnologiyalar inkişaf edir, yeni nəzarət imkanları yaranır. Burada kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir - uçot, nəzarət və əlbəttə, kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi. Ona görə hesab edirəm, baxmayaraq ki, büdcəmiz artıb, o cümlədən şəffaflıq nəticəsində böyük dərəcədə artıb, buna görə yenə də rezervlər var. Kölgə iqtisadiyyatı bu rezervləri faktiki olaraq dövlətdən götürüb kiminsə cibinə istiqamətləndirir. Buna son qoyulmalıdır və biz bütün imkanlardan istifadə etməliyik.

İxrac coğrafiyasının genişləndirilməsi ilə bağlı son vaxtlar müəyyən addımlar atılmışdır. Biz bunu statistikada da görürük. Amma buna daha da ciddi fikir vermək lazımdır. Çünki biz ixracyönümlü iqtisadi model üzərində işləyirik və qeyri-neft ixracını artırırıq. Mənim dediyim rəqəmlər də bunu göstərir. Amma bu rəqabətqabiliyyətli məhsulu istehsal etmək hələ məsələnin həlli deyil, gərək bazara girəsən. Bazar uğrunda da mübarizə gedir, özü də nəhəng şirkətlər tərəfindən. Dünyanın əsas bazarları çoxdan təmin edilib, bölünüb və o bazara girmək üçün gərək hansısa əlavə bir dəyər verəsən. Ona görə bunlara mütləq ciddi baxmaq lazımdır. Sertifikatlaşma getməlidir, emal sənayesi, yüngül sənaye də sürətlə inkişaf etməlidir. Əfsuslar olsun, baxmayaraq ki, müəyyən addımlar atılıb, amma pambıqçılıqda hələ də yığılan 50 faiz məhsul mahlıc kimi ixrac olunur. Özəl sektor Mingəçevir şəhərində iki, ya üç fabrik qurmuşdu, sonra bu iş dayandı. Ona görə baxmaq lazımdır. Təqdimatlar etmək lazımdır, bəlkə hansısa imtiyazlar vermək lazımdır.

İndi burada qeyd olundu ki, biz dürüstləşmə zamanı əlavə vəsaitin bir hissəsini kreditlərə istiqamətləndirdik. Baxmaq lazımdır, bu sahə perspektivlidir, çünki bu sərvət bizim əlimizdədir. Bəs nə üçün biz burada itirməliyik? Biz dəyər zəncirini niyə tam işə sala bilmirik? Belə istiqamətlər çoxdur.

Kənd təsərrüfatı emalı ilə bağlı. Elə məhsul buraxmalıyıq ki, istənilən bazara ixrac edilə bilsin. Ona görə sertifikatlaşma, ixrac bazarlarının genişləndirilməsi istənilən halda lazım idi, indiki şəraitdə bəlkə daha çox lazımdır. Çünki ixracın şaxələndirilməsi bizə imkan verəcək ki, gələcəkdə qeyri-neft sektoru hesabına ölkəmizi gücləndirə bilək.

Mən artıq qeyd etdim, biz hamımız yadda saxlamalıyıq, çox güman ki, dünya iqtisadiyyatında tənəzzül, yəni, resessiya qaçılmazdır və buna hazır olmaq lazımdır. Resessiya, əlbəttə, əgər baş verərsə, ilk növbədə, neftin qiymətinə mənfi təsir göstərəcək. Ona görə gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir. Biz bu barədə hələ danışacağıq, vaxta var. Amma biz dünyada gedən prosesləri, əlbəttə ki, izləməliyik. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır.

Gələn il görüləcək işlər əminəm ki, ölkəmizi daha da gücləndirəcək. Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik - bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın.

Sağ olun.