Fövqəladə hallar naziri Xırdalanda vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 2-də Xırdalanda, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Abşeron və Zəngilan rayonlarının sakinləri ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, əvvəlcə, K. Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Abşeron və Zəngilan rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.