Zakir Həsənov Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikası müdafiə naziri 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Təbrikdə qeyd olunub:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü, 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ölkəmizin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi yüksək tutulmuş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində müstəsna xidmətləri olub.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqda davam edir və bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilmiş təlimlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına təkan verib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş torpaqlarımız azad olundu. Ali Baş Komandan, , Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü və peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi, bütün ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olundu.