Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ekoloji İnformasiya" İctimai Birliyi tərəfindən həyata keçirilən "Pestisidlərin təhlükələri barədə ictimai maarifləndirmə təşəbbüsü" layihəsi çərçivəsində Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində maarifləndirici seminar keçirilib.
Tədbirdə rayonun aidiyyəti dövlət qurumlarının nümayəndələri, fermerlər, kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə "Ekoloji İnformasiya" İctimai Birliyinin sədri Musa Muradlı açıb. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Musa Muradlı çıxışında layihənin məqsədi barədə ətraflı məlumat verərək bildirib ki, əsas məqsəd kənd icmalarında pestisidlərdən (kimyəvi preparatlardan) düzgün və təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılması, bu maddələrin insan sağlamlığına və ətraf mühitə mümkün mənfi təsirləri barədə maarifləndirmənin gücləndirilməsidir.
O, çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafına, qeyri-hökumət təşkilatlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Eyni zamanda layihəyə göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilinə verdiyi dəstəyə görə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova və rayon icra hakimiyyətinin kollektivinə minnətdarlığını bildirib.
Daha sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev çıxış edərək belə maarifləndirici layihələrin kənd təsərrüfatının inkişafı, ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Layihənin eksperti Xosrov Musayev pestisidlərin düzgün tətbiqi, təhlükəsizlik qaydaları, fərdi mühafizə vasitələrindən istifadə, pestisidlərin saxlanılması və utilizasiyası ilə bağlı geniş təqdimatla çıxış edib.
Seminarda Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Bitki mühafizəsi üzrə baş mütəxəssis Fizuli Əzimov və fermer Saday Əzimov da çıxış edərək pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, kimyəvi preparatların düzgün tətbiqi məhsuldarlığın artırılması ilə yanaşı, torpaq və su ehtiyatlarının qorunmasına, insan sağlamlığı üçün yarana biləcək risklərin minimuma endirilməsinə xidmət edir.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, ekoloji cəhətdən təhlükəsiz və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqinin əhəmiyyəti diqqətə çatdırılıb.
Seminarın sonunda pestisidlərdən təhlükəsiz istifadə qaydalarına həsr olunmuş maarifləndirici videoçarx nümayiş etdirilib.İştirakçılar üçün çay süfrəsi təşkil olunub, həmçinin layihə çərçivəsində hazırlanmış dəftərxana ləvazimatları paylanıb.

