Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura və 61-ci plenar iclasında iştirak edən parlament sədrlərinin Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovla görüşünə qatılıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə beynəlxalq parlament təşkilatlarının üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən qanunvericilik sahəsində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Qurbanqulu Berdiməhəmmədov MDB PA-nın fəaliyyətini müsbət qiymətləndirib. Assambleyanın uzun illər ərzində dövlətlərarası qarşılıqlı fəaliyyət üçün möhkəm qanunvericilik bazasının formalaşdırılması istiqamətində səmərəli iş apardığı qeyd olunub.

Türkmənistan Xalq Məsləhətinin sədri parlament rəhbərlərinə ölkəsinin təşkilata üzv dövlətlərlə uzun illər ərzində formalaşmış münasibətləri və həyata keçirilən birgə layihələr barədə məlumat verib. O, Türkmənistanın bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.