Məleykə Abbaszadə rektor olaraq ilk planlarını açıqladı
Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır.
Bu barədə Bakı Dövlət Universitetinin yeni təyin olunan rektoru Məleykə Abbaszadə "Facebook" sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir.
"Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır".
Rektor bu təyinatın onun üçün böyük şərəf olduğunu bildirib.
"Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm.
Dünən DİM-də doğma kollektivimlə sağollaşdım. Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi ürək rahatlığı ilə həmkarlarıma həvalə edirəm.
1999-cu ildə ilk dəfə internet vasitəsilə vətəndaşlara məlumat çatdırdığımız günləri yaxşı xatırlayıram. O vaxt bu, bizim üçün həm yenilik idi, həm də çətin bir iş. Sonralar da belə işlərdən çəkinmədik. İstəyirdik ki, ölkənin harasında yaşamasından asılı olmayaraq, hər kəs imtahanın qaydalarını aydın bilsin, lazım olan məlumatı özü tapa bilsin və nəticəsinə etibar etsin. Bu işə hamımız könlümüzü qoyduq.
İlk illərdən yanımda olan həmkarlarıma da, son illərdə bizə qoşulanlara da ürəkdən təşəkkür edirəm. Yeni həmkarlarımızın "Bunu başqa cür edə bilərikmi?" sualı ilə başlayan neçə söhbətimiz sonradan birgə gördüyümüz işə çevrildi. İllərin təcrübəsi ilə onların həvəsi bir araya gələndə mən özüm də çox şey öyrəndim. Sizinlə işləməkdən həmişə zövq almışam. Bu gün bunu bir daha demək istədim", - deyə o bildirib.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib//Trend

