Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Masallı rayonunun Kürdəbaz kəndində yerləşən və fiziki şəxs Mahir Bəbir oğlu Qardaşova məxsus soyuducu anbarda reyd keçirilib.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı ümumi çəkisi 3050 kiloqram olan və korlanma əlamətləri müşahidə edilən ətlər aşkar olunub. Məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir.

