Mühacirətin Qələmi: Leyla Vəkilli
Yalnız başqaları üçün yaşanmış həyat dəyərli bir həyatdır.
Albert Eynşteyn
Bir qadın düşünün… Doğulduğu şəhərin küçələri onun ilk addımlarını xatırlayır, amma ruhu heç vaxt ayaq basmadığı bir vətənin yollarında dolaşır.
Uşaqlığı başqa bir ölkənin səması altında keçir, lakin ailə süfrəsində danışılan hər xatirə onu görünməz tellərlə Azərbaycana bağlayır. Bir soyadını sadəcə daşımır, onun tarixini, ağrısını və ləyaqətini də öz ömrünə çevirir. Jurnalist olur, dünyanın qaynar nöqtələrinə üz tutur, müharibələrin, inqilabların, siyasi çaxnaşmaların şahidi kimi həqiqətin izinə düşür. Güllə yarası alır, amma qələmindən vaz keçmir.
Mədəniyyətin sərhəd tanımadığına inanır, müxtəlif xalqlar arasında körpülər qurmağa çalışır. Dünya onu fransız jurnalisti kimi tanıyır, amma yaddaşının dərinliyində həmişə bir Azərbaycan yaşayır.

Məhz belə bir ömür yaşamış qadının adı Leyla Vəkillidir. Onun taleyi təkcə şəxsi həyat hekayəsi deyil. Bu ömürdə Azərbaycan mühacirətinin ağrısı, Vəkilovlar nəslinin məsuliyyəti, XX əsrin mürəkkəb siyasi hadisələri və sözə sədaqətlə yaşanmış bir jurnalist həyatı bir-birinə qovuşur. Leyla Vəkilli haqqında danışmaq, əslində, sərhədləri dəyişsə də kimliyini dəyişməyən insanların tarixindən danışmaqdır.
1932-ci ildə Parisdə doğulan Leyla Vəkilli taleyini özü seçməmişdi. O, XX əsrin ən ağır siyasi sarsıntılarından birinin mirasını qəbul edərək dünyaya gəlmişdi.
Azərbaycanın istiqlalını itirməsi, Cümhuriyyət xadimlərinin və yüzlərlə ziyalının mühacirət həyatı yaşamağa məcbur olması təkcə bir nəslin deyil, onların övladlarının da taleyini müəyyənləşdirdi. Leyla xanım həmin nəslin övladı idi; vətəni görmədən onun həsrəti ilə böyüyən, doğma torpağı ailəsinin xatirələrindən tanıyan mühacir azərbaycanlılardan biri.
Onun mənsub olduğu Vəkilovlar nəsli Azərbaycan tarixində özünəməxsus yeri olan ziyalı ailələrdən biridir. Bu nəslin nümayəndələri müxtəlif dövrlərdə dövlət idarəçiliyində, hüquq sistemində, hərb sahəsində, maarifçilikdə və ictimai həyatda mühüm rol oynamış, ölkənin siyasi və mədəni inkişafında iz qoymuşdular.
Belə bir nəslin adı təkcə soyad deyil, həm də məsuliyyət idi. Leyla Vəkilli bu məsuliyyəti yalnız qorumaqla kifayətlənmədi, onu öz fəaliyyəti ilə zənginləşdirdi. Atası Həsənəlisultan bəy Vəkilovun taleyi XX əsr Azərbaycan mühacirət tarixinin səciyyəvi nümunələrindən hesab olunur. Azərbaycanın müxtəlif şəhərlərində təhsil alan, dövlət qulluğunda çalışan Həsənəlisultan bəy bolşevik işğalından sonra minlərlə soydaşı kimi vətəni tərk etmək məcburiyyətində qaldı. Mühacirət onun üçün sadəcə məkan dəyişikliyi deyildi; ömür boyu daşınan bir həsrət idi. Parisdə dünyaya gələn qızı həmin həsrətin içində böyüdü. Evdə danışılan söhbətlər, qorunan ailə arxivi, unudulmayan adlar və xatirələr Leyla xanımın milli kimliyinin formalaşmasında mühüm rol oynadı.
Məhz buna görə onun həyatına baxarkən Fransalı jurnalist ifadəsi kifayət etmir. Daha doğru ifadə Avropada yaşayan azərbaycanlı ziyalıdır. Çünki o,
fəaliyyət göstərdiyi hər məkanda mənsub olduğu mədəni yaddaşı da özü ilə daşıyırdı.
Jurnalistika onun üçün peşədən daha artıq məna daşıyırdı. Bu peşə vasitəsilə o, yalnız xəbərləri çatdırmır, yaşadığı dövrün mənzərəsini gələcək nəsillər üçün qoruyurdu. Müxtəlif ölkələrdə işləyən, beynəlxalq hadisələri izləyən jurnalist kimi siyasətin, mədəniyyətin və cəmiyyətin ən mühüm hadisələrinin şahidinə çevrildi.
Yazılarında fakt dəqiqliyi ilə insan taleyi yanaşı addımlayırdı. Məhz buna görə publisistikası quru informasiya təsiri bağışlamır, dövrün nəfəsini hiss etdirirdi. Leyla Vəkillinin peşə fəaliyyətində diqqəti cəlb edən məqamlardan biri hadisələrin mərkəzində olmağa üstünlük verməsi idi. O, uzaqdan müşahidə etməklə kifayətlənmirdi. Jurnalist üçün həqiqətin ən etibarlı ünvanının hadisənin içi olduğunu yaxşı bilirdi. Əlcəzairdə baş verən hadisələri işıqlandırarkən güllə yarası alması da bunun bariz nümunəsidir. Bu hadisə onun bioqrafiyasında sadəcə dramatik epizod deyil, peşəsinə sədaqətin ifadəsidir. Çünki bəzən jurnalistin yazdığı məqalənin arxasında görünməyən risklər, çəkilməyən ağrılar və danışılmayan fədakarlıqlar dayanır. Leyla Vəkillinin həyatı bunu açıq şəkildə göstərir.
Onun ömür yolunda mədəniyyət xüsusi yer tutur. Fransada türk filmləri festivalının yaradılmasında göstərdiyi təşəbbüs müxtəlif xalqlar arasında mədəni dialoqun gücünə olan inamından irəli gəlirdi. O yaxşı anlayırdı ki, siyasət çox vaxt sərhədlər çəkir, incəsənət isə həmin sərhədləri aradan qaldırır. Kino fərqli dillərdə danışan insanları eyni hisslər ətrafında birləşdirə bilir. Bu düşüncə onun fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevrilmişdi.
Dünya tarixinin tanınmış simaları ilə görüşləri də onun bioqrafiyasını maraqlı edən cəhətlərdəndir. Çe Gevara ilə görüşü uzun illər maraq doğuran
faktlardan biri kimi xatırlanır. Lakin burada diqqət çəkən yalnız məşhur ad deyil. Əsas məqam odur ki, Leyla Vəkilli XX əsrin siyasi və ictimai hadisələrinin müşahidəçisi olmaqla kifayətlənməmiş, həmin proseslərin canlı iştirakçılarının düşüncələrini dinləmək, onları gələcək üçün sənədləşdirmək imkanı qazanmışdı.
Onun həyatı həm də Azərbaycan mühacirətinin ikinci nəslinin tarixidir. Birinci nəsil istiqlalı itirmişdi, ikinci nəsil isə həmin istiqlalın xatirəsini qorumağa
çalışırdı. Onlar Azərbaycanı xəritədən deyil, valideynlərinin xatirələrindən öyrənirdilər. Onların vətən sevgisi gündəlik həyatın adi detalında – bir mahnıda, bir ailə şəklində, ana dilində deyilən bir cümlədə yaşayırdı. Leyla Vəkilli də bu mənəvi mirası qoruyan ziyalılardan biri idi.
Belə talelər haqqında yazmaq həmişə çətindir. Çünki onların həyatını yalnız vəzifələr, tarixlər və fəaliyyət siyahısı ilə izah etmək mümkün olmur. Burada ailə yaddaşı var, mühacirətin ağrısı var, peşə məsuliyyəti var, mədəniyyətə xidmət var.
Burada həm də öz köklərini itirmədən başqa bir cəmiyyətin ayrılmaz hissəsinə çevrilə bilmək bacarığı var.
Leyla Vəkilli haqqında danışarkən əslində bir qadının uğurlarından daha geniş mənzərə görünür. Burada XX əsr Azərbaycan mühacirətinin taleyi görünür.
Burada Vəkilovlar nəslinin tarix qarşısında daşıdığı məsuliyyət görünür. Burada atasının yarımçıq qalan vətən həsrətinin qızının ömründə səssiz şəkildə davam etməsi görünür. Burada dünyanın müxtəlif guşələrində çalışsa da, milli kimliyini qoruyan bir ziyalının həyat fəlsəfəsi görünür.
Bəzi insanlar doğulduqları torpağın deyil, mənsub olduqları yaddaşın övladı olurlar. Leyla Vəkillinin ömrü də məhz belə ömürlərdəndir. O, Parisdə doğuldu, Avropada tanındı, dünyanın müxtəlif hadisələrinin şahidi oldu. Lakin bütün bunların fonunda dəyişməyən bir həqiqət vardı: soyadında qoruduğu tarix, ailəsindən aldığı mənəvi irs və Azərbaycan adı. Məhz buna görə onun bioqrafiyası təkcə bir jurnalistin həyat yolu deyil, mühacirətdə milli kimliyi yaşatmağın, sözə sədaqətin və tarix qarşısında mənəvi məsuliyyət hissinin təsirli nümunəsi kimi dəyərləndirilə bilər.

t.ü.f.d., dos. Leyla Hüseynova
AMEA Tarix və Etnologiya İnstitutu Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi

