Ceyhun Bayramov Əymən Əs-Safadi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə görüşüb.
Görüş zamanı Azərbaycan–İordaniya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələri üzrə mövcud vəziyyəti və perspektivləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Tərəflər ikitərəfli hüquqi bazanın genişləndirilməsinin, eləcə də ikitərəfli əməkdaşlığın daha sistemli inkişafını təmin etmək məqsədilə Azərbaycan-İordaniya Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının imkanlarından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Səfər çərçivəsində nazirlər Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında adi pasport sahibləri üçün viza tələblərinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi, həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.
Nazirlər, həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə daxil olmaqla çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı nəzərdən keçirərək, qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Regional məsələlərə dair müzakirələr zamanı nazirlər Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini nəzərdən keçiriblər. Onlar mövcud böhranın yalnız siyasi və diplomatik vasitələrlə həll oluna biləcəyini vurğulayaraq, davam edən dialoq və danışıqlar prosesinə dəstəklərini ifadə ediblər.
Ceyhun Bayramov həmkarına Azərbaycan–Ermənistan normallaşma prosesi, o cümlədən ötən ilin avqust ayında keçirilmiş tarixi Vaşinqton Sammiti zamanı əldə olunmuş razılaşmalar və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumat verib.
Nazirlər, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər ətrafında fikir mübadiləsi aparıblar.

