ABŞ-ın bir sıra ştatlarında quşçuluq məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının İndiana, Texas, Kentukki, Oklahoma, Şimali Karolina, Delaver, Ayova, Missuri, Montana, Nebraska və Merilend ştatlarında qeydə alınmış yüksək patogen quş qripi aradan qaldırılıb.

WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və həmin ştatlarda bu xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, yüksək patogen quş qripi xəstəliyinə görə həmin ştatlara tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.