"Sunset” istirahət mərkəzindəki partlayışda xəsarət alanlarla bağlı məlumat
Sumqayıt Tibb Mərkəzi "Sunset” istirahət mərkəzindəki partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, avqustun 30-da saat 19:12 radələrində Sumqayıtın Sahil küçəsində partlayış olması barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasına çağırış olub.
Çağırışla əlaqədar hadisə yerinə 2 briqada cəlb olunub və məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən "Sunset” istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Xəsarət alan 1972-ci, 1969-cu il təvəllüdlü ikisi qadın və 1963-cü il təvəllüdlü biri kişi olmaqla Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Vəziyyətləri ağır olan hər 3 şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə göndərilib.

