AQTİ Rusiyanın müvafiq qurumları ilə bitki sağlamlığı sahəsində əməkdaşlığı davam etdirir
"Ümumrusiya Bitki Karantini Mərkəzi" federal dövlət müəssisəsinin direktor müavini Denis Zinnikov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
Onunla keçirilən görüşdə AQTİ-nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, eləcə də, institutun nəzdində fəaliyyət göstərən laboratoriyaların iş prinsipi, maddi-texniki bazası, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışılıb.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, görüşdə, həmçinin bitki sağlamlığına dair elmi-nəzəri yeniliklərin, bitki və bitki mənşəli məhsulların zərərverici orqanizmlərdən mühafizəsi, onların yayılmasının qarşısının alınması sahəsində effektiv fitosanitar tədbirlərin tətbiqi üzrə təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr də aparılıb. Rusiya ilə Azərbaycanın müvafiq dövlət qurumları arasında qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Daha sonra D.Zinnikov institutun nəzdindəki Milli Referens Laboratoriyası və Kompleks Tədqiqatlar Laboratoriyasında aparılan analiz, ekspertiza və tədqiqat (ölçmə) xidmətləri ilə tanış olub. O, həmçinin Mərkəzi Fitosanitar Laboratoriyasında müxtəlif sınaqların aparıldığı otaqlara baxış keçirib, müayinə prosesini yaxından izləyib.

