Göygöl rayonunda yerləşən faydalı qazıntı yatağı hərraca çıxarılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçirilən hərracda 1 lot üzrə “Çaykənd” bazalt yatağı satışa çıxarılıb. Başlanğıc qiyməti 354 min 800 manat olan yatağın xammalı olan bazalt süxurları, daş yunu istehsalı üçün yararlıdır. Qeyd edək ki, yatağın qiyməti onun ehtiyat həcminə görə müəyyənləşir.
Hərracda “Azerbazalt Elmi – İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlib.
Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.

