DYP sürücülərə, valideynlərə və məktəb kollektivlərinə müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə, valideynlərə və məktəb kollektivlərinə müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında deyib ki, səhər saatlarında gözlənildiyi kimi paytaxtın əsasən Nərimanov, Nəsimi, Yasamal, Səbail, Binəqədi, Nizami və Xətai rayonlarının ərazisində avtomobillərin sıx hərəkətləri daha çox müşahidə olunur: “Yollarda bu gündən etibarən azyaşlı və yeniyetmələrin piyada qismində hərəkətləri xüsusən də məktəblərə yaxın ərazilərdə daha da çoxalacaq. Sürücülərdən son dərəcə məsuliyyətli olmağı hərəkət surətinə, yol nişanlarına, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmağı, valideynlərdən və məktəb kollektivlərindən uşaqları mütəmadi olaraq təlimatlandırmağı xahiş edirik.
Hər hansı bir bədbəxt hadisənin, qəzaların baş verməməsi üçün bütün hərəkət iştirakçıları yollarda təhlükəsizlik qaydalarına qarşı ciddi münasibət göstərməlidirlər”.

