Ermənilərin törətdiyi yanğınlar regionun bütün ekoloji sisteminə ciddi ziyan vurur

Ermənilər Azərbaycan ərazilərini işğal etdiyi dövrdə onlar bizim şəhərləri və kəndləri məhv etməkdən əlavə, təbii abidələrimizi dağıdıb, nadir ağac növlərinin bitdiyi meşələri qırıb, yerli faunaya çox böyük ziyan vurublar.

Yerveinsan.az bildirir ki, Ekologiya və təbii ehtiyatlar nazirinin müavini Rauf Hacıyev bu fikirləri Qarabağda ekoloji terror barədə AZƏRTAC–a müsahibəsində söyləyib.

Nazir müavini bildirib ki, nadir şərq çinarı bitən Bəsitçay qoruğunun ərazisinin təqribən 40 faizi erməni işğalçılar tərəfindən qırılıb və yandırılıb. İşğal dövründə Qubadlı, Kəlbəcər və Füzuli rayonlarının ərazisində yüzlərlə hektar meşə örtüyü məhv edilib.

Hətta 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalanandan sonra da Ermənistan tərəfindən təbiətə qəddar münasibətə son qoyulmayıb.

Ekoloji terror Xocalı və Laçın rayonlarında meşələrin yandırılması yolu ilə davam edir. Ermənilər tərəfindən törədilmiş yanğınlar nadir və endemik flora və fauna növlərinin olduğu yerləri məhv edir, regionun bütün ekoloji sisteminə ciddi ziyan vurur.

Bu faktlar birbaşa sübut edir ki, ermənilər həm bizim xalqımıza, həm də təbiətimizə qarşı ekoloji terror və düşmənçilik əhval-ruhiyyəsindədirlər. Yanğınlar bütövlükdə region üçün təhlükədir. Biz bütün bu faktları beynəlxalq hüquq çərçivəsində nəzərdən keçirəcək və qiymətləndirəcəyik.