İmtahanda uğur qazanmış 55 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirəcək

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB altqrupu) üzrə yanvarın 15-də keçirilmiş imtahanın nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. İştirakçılar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 118 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 7, BB2 altqrupu üzrə 10, BB3 altqrupu üzrə 19, BB4 altqrupu üzrə 19 nəfər olmaqla, ümumilikdə 55 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər yanvarın 17-si saat 10:00-dan yanvarın 19-u saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən yanvarın 23-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.