Egils Levitsin - Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslansın

Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident Egils Levitsin bəyanatı
- Prezident Əliyev. Məni Azərbaycana səfərə dəvət etdiyinizə görə minnətdaram. Biz iki ay öncə Davosda görüşdük.

Biz diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etməyi planlaşdırırıq. Otuz il ərzində ikitərəfli münasibətlərimiz çox yaxşı və uğurla inkişaf edib. Aramızda təşviq edə biləcəyimiz bir çox ikitərəfli məsələlər var, o cümlədən biz qlobal, beynəlxalq səviyyədə əməkdaşlıq etməliyik.

İqtisadi münasibətlərimizə gəldikdə, ötən il tendensiya müsbət olub. Bu gün Latviya və Azərbaycanın iş adamları arasında, həmçinin biznes-forum olacaq. Biz İKT, ağıllı enerji, yaşıl texnologiyalar və artıq qeyd etdiyiniz kimi, nəqliyyat və daşımalar sahəsində imkanların nəzərdən keçirilməsində maraqlıyıq.

Həmçinin bəyan edə bilərəm ki, milli aviaşirkətimiz “airBaltic” bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır. Beləliklə, Latviya turistlərinin Azərbaycana gəlməsi və Sizin vətəndaşların Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq.

İkitərəfli səviyyədə əlaqələrlə bağlı demək istərdim ki, Avropa İttifaqının (Aİ) üzv dövləti kimi Latviya Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır. Latviya Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu alqışlayır. Hazırda Azərbaycan Avropa İttifaqına enerji təchizatının şaxələndirilməsində və Aİ-nin enerji təhlükəsizliyinə töhfə verilməsində çox mühüm rol oynayır. Biz, həmçinin bərpaolunan enerji sahəsində daha sıx əməkdaşlıq etmək arzusundayıq.

Təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə, Siz artıq NATO çərçivəsində əməkdaşlığa toxundunuz. Latviya səfirliyi NATO-nun Azərbaycanda əlaqələndiricisi funksiyasını yerinə yetirir və biz Bakıdakı səfirliyimizin həmin mandatını 2024-cü ilədək uzadacağıq. Görürəm ki, Azərbaycan və NATO arasında təhlükəsizlik məsələləri üzrə daha sıx əməkdaşlığa dair qarşılıqlı maraq var.

Ukraynadakı vəziyyətə gəldikdə bildirmək istəyirəm ki, Latviyanın xarici siyasətinin təməlində beynəlxalq hüquqa və bütün ölkələrin ərazi bütövlüyünə hörmət dayanır. Ona görə də biz Ukraynaya qarşı bu səbəbsiz və əsassız təcavüzü pisləyirik. Latviya Ukraynanı hərbi və iqtisadi cəhətdən dəstəkləyir. Biz, həmçinin humanitar yardım da göstəririk. Göstərilən yardımın toplam həcmi bizim ÜDM-in 1 faizini təşkil edir. Ukraynadakı vəziyyətin hansı məcrada cərəyan edəcəyini gözləyirik. Ancaq onu deyə bilərəm ki, davamlı sülh yalnız beynəlxalq hüquqa əsaslanmalıdır. Biz beynəlxalq hüquqa müdaxiləyə və onun tapdalanması nəticəsində bu vəziyyətin uzunmüddətli dondurulmuş münaqişəyə çevrilməsinə imkan verə bilmərik.

Cənab Prezident, biz BMT üzvlərinin əksəriyyətinin, yəni, 120-dən artıq üzvü olan platformanın - Qoşulmama Hərəkatının sədri kimi ölkənizin rolunu yüksək qiymətləndiririk. Bildiyiniz kimi, biz 2025-ci il üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi namizədliyimizi irəli sürəcəyik. Ümid edirik ki, bu məsələdə Qoşulmama Hərəkatının üzvlərinin dəstəyini qazanacağıq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərindən çıxış edən ölkələrdən ibarət vacib qurumdur. Çünki bütün dövlətlər sülhdə maraqlı olmalıdır, sülh isə beynəlxalq hüquqa əsaslanır. Siz isə Hərəkatın hazırkı sədri kimi olduqca əhəmiyyətli rol oynayırsınız.

Onu da deyə bilərəm ki, Latviya Avropa Şurasında sədrliyi öz üzərinə götürəcəkdir və bizim ölkələr Avropa Şurasının üzvüdür. Azərbaycan bizim ilk sədrliyimiz dövründə təşkilata üzv olmuşdur. Görürük ki, Avropa Şurasının genişləndirilməsi kifayət qədər uğurlu olmuşdur. Biz bütün üzv ölkələrin maraqları naminə Avropada demokratiyanın və qanunun aliliyinin gücləndirilməsinin müzakirəsini davam etdirəcəyik.

Mən məmnuniyyətlə sabah “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda təşkil olunacaq X Bakı Qlobal Forumunda iştirak edəcəyəm. Bu gün həqiqətən həm çağırışlar, həm də ümidlər var. Hesab edirəm ki, sabahkı müzakirələrdə biz ümidlərin qalib gələcəyinin şahidi olacağıq.

Cənab Prezident, bu Qlobal Forumu dəstəklədiyinizə görə sağ olun. Çünki həmin Forum çərçivəsində müxtəlif regionları və mədəniyyətləri təmsil edən hazırkı və sabiq liderlər toplaşaraq cari problemləri müzakirə edə bilirlər. Həmçinin Sizin tövsiyələrinizə ehtiyacımız var. Mən mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın və Sizin rolunuza dərin hörmət bəsləyirəm. Çünki bu Forumda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik nümayəndələr iştirak edirlər. Ümumiyyətlə, bu vacib bir Forumdur.

Cənubi Qafqazda sülh prosesinə, Azərbaycan və Ermənistana gəldikdə, artıq qeyd etdiyim kimi, biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir. Hesab edirəm ki, belə bir sülh sazişinə nail olmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik. Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslansın.

Beləliklə, cənab Prezident, dəvətinizə və çox səmimi, maraqlı müzakirələrə görə Sizə təşəkkür edirəm. Bu, mənim Azərbaycana ilk səfərimdir və mən onun sabit və firavan ölkə, Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu görürəm.

Cənab Prezident, çox təşəkkür edirəm.