Baş prokuror İsmayıllıda vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev martın 15-də, saat 10:00-da İsmayıllı Rayon Prokurorluğunun inzibati binasında İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ və Oğuz rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-48, (012) 361-14-07 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.