Hikmət Hacıyev: Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir
Qlobal Cənub dünya arenasında mühüm rol oynayır. Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tale etibarilə Qlobal Cənubun bir hissəsiyik.
Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri, o cümlədən tarixi mirası tam və əhatəli şəkildə anlayır. Çünki Azərbaycan da müstəqillik illəri və bütün tarixi boyu bu çətinliklərin və problemlərin hamısından keçib.
Hikmət Hacıyev xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik elementlərini vurğulayıb. Qeyd edib ki, Qlobal Cənub ölkələri tarixin müxtəlif dövrlərində bundan çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzündə bir yaradır, lakin təəssüf edirik ki, bu təcrübə qlobal müstəvidə yeni forma və təzahürlər alaraq davam etməkdədir. Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik edərkən neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri kimi müəyyən edib.//Azərtac

