Azərbaycan və Rusiyanın fövqəladə hallar nazirlikləri arasında Birgə Tədbirlər Planı imzalanıb

Azərbaycan və Rusiyanın fövqəladə hallar nazirlikləri arasında 2027–2029-cu illər üçün Birgə Tədbirlər Planı imzalanıb.

Bu barədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Sənədi Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-polkovnik Aleksandr Kurenkov imzalayıblar.

İmzalanma Kəmaləddin Heydərovun Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar Azərbaycanda səfərdə olan Aleksandr Kurenkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü çərçivəsində baş tutub.

Görüşdə Birgə Tədbirlər Planının qarşılıqlı faydalı əlaqələrin inkişafı və müxtəlif sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

 
Kəmaləddin Heydərov iki ölkənin müvafiq qurumlarının fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, peşəkar kadr hazırlığı, elmi-metodiki əməkdaşlıq və operativ informasiya mübadiləsi istiqamətlərində uğurla əməkdaşlıq etdiyini bildirib. Nazir səfərin əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

O, dünya çempionatının Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edərək yarışın iştirakçı ölkələrin xilasediciləri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə, təcrübə mübadiləsinə və yanğın-xilasetmə idmanının inkişafına təkan verəcəyini bildirib.

Aleksandr Kurenkov dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, iki nazirlik arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. O, aparılan danışıqların və imzalanan Birgə Tədbirlər Planının əməkdaşlığın genişləndirilməsinə, yeni birgə təşəbbüslərin həyata keçirilməsinə əlavə təkan verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.