Prezident İlham Əliyevin bəyanatı: Enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı
- Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay bundan əvvəl biz Gürcüstanda Sizin qonağınız idik və bu gün Siz Azərbaycandasınız. Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün Siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir. Çünki beləliklə, biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış oluruq və bu, bizim dostluğumuzu daha da gücləndirir.

Gürcüstan ilə Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq.

Bu gün bir çox önəmli məsələlər müzakirə olunmuşdur və biz gələcək fəaliyyətimizi də əldə edilmiş razılaşmalar əsasında quracağıq.

Təbii ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı ildən-ilə artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır.

Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəqlini təmin etməliyik və əminəm ki, biz bu rəqəmə çatacağıq.

İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır. Uzun illərdir ki, Azərbaycan şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Dünən mənə verilən məlumata görə, SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkmişdir və beləliklə, 830 mindən çox abonenti təbii qazla təmin edir.

Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik, daha doğrusu, bu iş artıq başlamışdır. Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya önəmli Sazişə imza atmışlar. Bu ilin fevral ayında isə Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir. Əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır, eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir.

Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır.

Mən keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etmişəm və bu il hələ edəcəyəm. Beləliklə, yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq.

Bu, əsas fəaliyyət istiqamətləri idi. Amma təbii ki, Gürcüstan-Azərbaycan əlaqələri sadaladığım sahələrlə məhdudlaşmır. Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir – müdafiə sənayesi, təhsil, mədəniyyət, turizm, texnologiyalar, kənd təsərrüfatı. Əlbəttə ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılır. Əminəm ki, cənab Baş nazirin bugünkü səfəri bizim əlaqələrimizə yeni təkan verəcəkdir.

Hörmətli Baş nazir, bir daha xoş gəlmisiniz.