Nazir: Qlobal istiləşmənin təsirləri intensiv şəkildə baş verən təbii fəlakətlərlə özünü göstərir

Bu gün dünyamızın üzləşdiyi ən aktual problemlərdən biri iqlim dəyişikliyidir. Bu, təkcə ətraf mühitə deyil, həm də bütövlükdə iqtisadiyyata və cəmiyyətə təsir göstərir. İqlim dəyişikliyinin təsirlərini azaltmaq və ona uyğunlaşmaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Elmi araşdırmalara görə, qlobal istiləşmənin təsirləri daha tez-tez və intensiv şəkildə baş verən təbii fəlakətlər, dəniz səviyyəsinin dəyişməsi və anomal hava şəraiti ilə özünü göstərir. Bu çağırış qarşısında özümüz və planetimiz üçün daha dayanıqlı gələcək qurmaq üçün kifayət qədər imkanlarımız var.

Yerveinsan.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilən İqlim dəyişikliyinin təsirinin azaldılması və adaptasiya tədbirləri üzrə Məktəb Simpoziumunda deyib.

“İqlim dəyişikliyi ilə bağlı aktual problemlərin həllində maraqlı olan bu qədər şagirdi bir arada görmək sevindirici haldır. Bu günün şagirdləri mövcud məsələdə daha həssasdırlar və gələcək nəsillərin ekoloji problemlərlə mübarizəsində mühüm qüvvəni təşkil edirlər. Odur ki, onların enerjilərini, yaradıcılıq və innovativ ideyalarını bu cür təşəbbüslərə cəlb etməyi çox vacibdir. Onların öz həyat tərzində davamlılıq prinsipinə uyğun hərəkət etmələri və başqalarını buna təşviq etmələri iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində ən vacib addımlardan biri olacaq. Düşünürəm ki, ekoloji fəallılıq tək bir aksiya ilə bitməli deyil, dayanıqlı və məsuliyyətli bir fəaliyyətə çevrilməlidir”, - deyə M.Babayev qeyd edib.

Müstəqil Azərbaycan Respublikasının qurucusu olan əbədiyaşar Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyətin həmişə xüsusi diqqət mərkəzində olduğunu, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdıran nazir Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən gənc mütəxəssislərin yetişdirilməsi, ekologiya sahəsində verdiyi tövsiyələrin bu gün də görülən işlərdə rəhbər tutulduğunu bildirib.