Lökbatanda 120 kiloqrama yaxın sümükdən ayrılmış mənşəyi məlum olmayan ət aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yerveinsan.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində birgə reyd keçirilib.

Reyd zamanı fiziki şəxs Məmmədov Emin Əliqulu oğluna məxsus 99 CE 884 dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı avtomobilin yük hissəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə əməl edilmədən, müvafiq baytarlıq sənədləri olmayan, kəskin qoxuya malik, ümumi çəkisi 120 kiloqrama yaxın sümükdən ayrılmış mənşəyi məlum olmayan ət aşkarlanıb.

Ekspertiza aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Məhsullar saxlanca verilib və dövriyyəyə buraxılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.