Sumqayıtda “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək

Aprelin 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Araz supermarketin qarşısında “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Yerveinsan.az-a verilən xəbərə görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.

Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırır.

Aksiya Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsi, 25 C ünvanında yerləşən Araz supermarketdə saat: 12:00-da keçiriləcək.