Jurnalistika və islamşünaslıq ixtisasları üzrə müsabiqə şərtləri

III ixtisas qrupunun jurnalistika və islamşünaslıq ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır. Ötən ilin məzunları cari ildə də qəbul imtahanının I mərhələsi üzrə imtahanda iştirak edib müsabiqə şərtlərini ödədikləri halda müsabiqədə topladığı ən yüksək nəticə ilə iştirak edirlər.

Bu barədə Yerveinsan.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumi balı eyni olan 2 abituriyenti bir-birindən fərqləndirmək məqsədilə qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir: təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal, yalnız I qrup), qəbul imtahanının II mərhələsi üzrə ümumi bal, qəbul imtahanının II mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi, qəbul imtahanının II mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların) sayı, qəbul imtahanının II mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı, qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal, qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.

Abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan Apellyasiya komissiyasına qabiliyyət imtahanlarının nəticələri ilə əlaqədar həmin nəticələr elan olunduğu gün ərizə ilə müraciət edə bilərlər. Abituriyent Apellyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır.