Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək
Bakıda Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bildirilib ki, layihə hazırlanarkən ətraf ərazidə mövcud vəziyyət təhlil olunub, “Rəqəmsal əkiz” üzərindən simulyasiyalar aparılıb.
Qeyd edək ki, layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq təsdiqlənib.
Reallaşdırılan layihəyə əsasən, Ə.Dəmirçizadə küçəsində mövcud hərəkət istiqaməti əksinə dəyişdiriləcək və Təbriz küçəsi istiqamətində birtərəfli hərəkət rejimi tətbiq olunacaq. Bu zaman Ə.Dəmirçizadə küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Qarabağ küçəsi ilə kəsişməsinədək nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə ikitərəfli hərəkət saxlanılacaq.
Sözügedən yol sahəsində ictimai nəqliyyatın hərəkətini ləngitməmək, sərnişinlərin mənzil başına daha rahat çatmasını təmin etmək məqsədilə Qarabağ küçəsi ilə kəsişmədən Xətai prospekti istiqamətində avtobus zolağının təşkili nəzərdə tutulur.

