Azərbaycanın geoloji ictimaiyyətinə ağır itki üz vermişdir
Azərbaycan Respublikasının əməkdar mühəndisi, ömrünün 70 ilini yorulmadan Azərbaycan geologiyasına həsr etmiş, yüksək peşəkarlığı, fədakarlığı, prinsipiallığı və insanlığı ilə seçilən Vasif Nağı oğlu Nağıyev ömrünün 92-ci yaşında vəfat etmişdir.
Vasif Nağı oğlu Nağıyev 26 sentyabr 1935-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Onun valideynləri bölgədə tanınmış xan-bəy nəslinə mənsub idilər.
Vasif müəllim orta təhsilini 1942–1952-ci illərdə Naxçıvan şəhərində əvvəlcə 3 saylı rus məktəbində, daha sonra isə 1 saylı Azərbaycan oğlan orta məktəbində almışdır. Bu illərdə o, Naxçıvan musiqi məktəbində tar sinfində təhsil almış, rəssamlığı isə atasının emalatxanasında öyrənmişdir. 1952-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.
Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Geologiya fakültəsinə daxil olmuş və 1957-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. 1968-ci ildə SSRİ Geologiya Nazirliyinin xətti ilə Moskva Dövlət Universitetində uzunmüddətli ixtisasartırma kursu keçmişdir.
1957-ci ildən etibarən Azərbaycan Geologiya İdarəsində əmək fəaliyyətinə başlamış və 2012-ci ilə qədər – tam 55 il fasiləsiz olaraq müxtəlif geoloji partiya və ekspedisiyalarda baş geoloq və əsasən rəis vəzifələrində çalışmışdır.
Onun rəhbərliyi ilə Azərbaycanın Kiçik və Böyük Qafqaz bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında çoxsaylı filiz yataqlarında geniş geoloji-kəşfiyyat işləri aparılmış, ölkənin mineral xammal ehtiyatlarının artırılmasına böyük töhfə verilmişdir. Xüsusilə mis, sink və qurğuşun filizlərinin ehtiyatlarının hesablanması və ən yüksək səviyyədə təsdiqi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilmişdir.
Vasif müəllim 1982–2012-ci illərdə tematik partiyanın rəisi kimi Azərbaycanın filiz yataqları üzrə elmi-tədqiqat, regional geoloji və metallogenik işlərə rəhbərlik etmiş, eyni zamanda Moskva elmi-tədqiqat institutları ilə sıx əməkdaşlıq etmişdir.
1996–1999-cu illərdə Azərbaycan və Türkiyə arasında geoloji əməkdaşlıq çərçivəsində həyata keçirilən layihədə elmi rəhbər kimi iştirak etmiş, geniş regional tədqiqatların aparılmasına töhfə vermişdir.
Vasif Nağıyev müxtəlif ölkələrin geoloji quruluşunu öyrənmiş, Çexoslovakiya, Ural, Özbəkistan və İranın bölgələrində aparılan tədqiqatlarla yaxından tanış olmuşdur.
O, 100-dən çox geoloji xəritənin müəllifi olmuş, çoxsaylı elmi məqalələr yazmış və 10 monoqrafik kitab nəşr etdirmişdir. Onun “Azərbaycanın Filiz Yataqları” (2007), “Azərbaycanın Yer qabığının geotektonikası və metallogeniyası” (2017) və “Avrasiyanın və onun dənizlərinin neft-qaz yataqları” (2026) adlı əsərləri xüsusi elmi əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, bu fundamental əsərlərin bir qismini müəllif görmə qabiliyyətini itirdiyi dövrdə, böyük iradə və əzmkarlıq göstərərək yazmışdır.
Vasif Nağıyev minerologiya, petroqrafiya və geokimya sahələrində də geniş tədqiqatlar aparmış, geologiya elminin inkişafına əvəzsiz töhfələr vermişdir.
Vasif müəllim yalnız görkəmli geoloq deyil, həm də nadir mənəvi keyfiyyətlərə malik bir insan idi. O, şərəfi və ləyaqəti hər şeydən üstün tutan, dürüstlüyü, zəhmətkeşliyi və məsuliyyəti həyat amalına çevirən bir şəxsiyyət kimi onu tanıyan hər kəsin dərin hörmətini qazanmışdı.
Onun həyat yolu əsl fədakarlıq nümunəsi idi. Azərbaycanın müxtəlif bölgələrində apardığı geoloji tədqiqatlar, kəşf etdiyi və əsaslandırdığı filiz yataqları, yazdığı elmi əsərlər ölkənin mineral ehtiyatlarının öyrənilməsi və inkişafında mühüm rol oynamışdır.
Ən çətin anlarda belə elmdən və yaradıcılıqdan ayrılmayan Vasif müəllim, hətta görmə qabiliyyətini itirdikdən sonra belə, böyük iradə və əzmkarlıq göstərərək fundamental elmi əsərlər yazmağa davam etmişdir. Bu, onun elmə və Vətənə sonsuz bağlılığının bariz nümunəsidir.
Vasif Nağıyev yüksək insani keyfiyyətləri ilə yadda qalmışdır – qayğıkeş, ədalətli, təvazökar və eyni zamanda prinsipial bir insan kimi.
Belə insanlar nadir doğulur və onların həyatı bütöv bir nəsil üçün örnəyə çevrilir.
Onun əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
Allah rəhmət eləsin!

