Baş Prokurorluq və IACA arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının (IACA) rəhbəri Draqo Kos ilə görüşüb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət idarəçiliyində şəffaflığın artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Akademiya ilə əməkdaşlığın prokurorluq əməkdaşlarının peşəkar hazırlığının və antikorrupsiya sahəsində institusional potensialın gücləndirilməsində əhəmiyyəti vurğulanıb.
Tərəflər azərbaycanlı prokurorların akademiyanın akademik proqramlarında və təlimlərində iştirakını, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini, eləcə də birgə təlim və tədqiqat təşəbbüslərinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Draqo Kos Azərbaycanın Baş Prokurorluğu ilə akademiya arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı fəaliyyətin davam etdirilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı, həmçinin, antikorrupsiya sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və mövcud əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

