Prokurorluq: Sumqayıtda törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

İyunun 26-da Sumqayıt şəhəri ərazisində 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan  bildiriblər ki, aparılmış araşdırma zamanı 1993-cü il təvəllüdlü Balafər Muradovun aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Muradovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Balafər Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq tədbirləri davam edir.