Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

Dağ-mədən sektorunun qarşısında duran məsələlərin həlli və səmərəliliyin artırılması sistemli və uzunmüddətli yanaşma tələb edir. Həmin yanaşmanın bir neçə əsas istiqaməti xüsusi əhəmiyyət daşıyır.

Yerveinsan.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə dağ-mədən mühəndisi, texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürovun "Azərbaycanın dağ-mədən sənayesi: Böyük potensialdan strateji iqtisadi gücə doğru" adlı məqaləsində qeyd olunub.

Sistemli və uzunmüddətli yanaşma tələb edən istiqamətlər

Bildirilib ki, həmin istiqamətlədən birincisi peşəkar kadr potensialının formalaşdırılmasıdır. Belə ki, geologiya, mədən mühəndisliyi, metallurgiya, dağ-mədən avadanlıqları, ekologiya, əməyin təhlükəsizliyi, layihələrin idarəedilməsi və digər əlaqəli sahələr üzrə mütəxəssislərin hazırlanması və proseslərə cəlb edilməsi vacibdir. Ali və orta ixtisas təhsili müəssisələrində müasir dağ-mədən sənayesinin tələblərinə uyğun kadr hazırlığının genişləndirilməsi də mühüm istiqamətlərdən biri olmalıdır. Bu sahədə çalışan şirkətlərin kadr hazırlığına investisiya qoyması daha effektli olar.

Digər istiqamət konseptual araşdırmanın hazırlanmasıdır:”Sektorun mövcud vəziyyətini, mineral-xammal potensialını, yataqların vəziyyətini, investisiya imkanlarını, infrastruktur və ekoloji məsələləri, eləcə də kadr potensialını əhatə edən kompleks konseptual araşdırmanın hazırlanması məqsədəuyğundur”.

Üçüncü istiqamət müfəssəl inkişaf planının ərsəyə gətirilməsidir. Bu istiqamətə əsasən, konseptual araşdırma əsasında konkret tədbirlər planı formalaşdırılmalı, prioritet yataqlar və layihələr müəyyənləşdirilməli, onların iqtisadi səmərəliliyi və investisiya potensialı qiymətləndirilməlidir.

Növbəti istiqamət investisiya mühitinin təkmilləşdirilməsi ilə bağlıdır. ”İnvestorlar üçün ən vacib məsələlərdən biri şəffaf və etibarlı məlumatdır. Buna görə yataqlar haqqında geoloji, texniki, iqtisadi və ekoloji məlumatların sistemləşdirilməsi, müasir standartlara uyğun hesabatların hazırlanması və investorlar üçün əlçatan informasiya bazasının yaradılması mühüm addım ola bilər”, - deyə məqalədə vurğulanıb.

Beşinci istiqamət isə ekoloji və texniki standartların gücləndirilməsini əhatə edir:”Dağ-mədən sənayesinin inkişafı yalnız hasilatın həcmi ilə ölçülməməlidir. Ətraf mühitin qorunması, torpaq və su ehtiyatlarının mühafizəsi, mədən tullantılarının idarəolunması və hasilatdan sonra ərazilərin rekultivasiyası inkişaf strategiyasının ayrılmaz hissəsi olmalıdır”.

Daha bir istiqamət layihələrin idarəedilməsi və peşəkar konsultasiya ilə əlaqədardır. “Dağ-mədən sahəsində kompleks layihələrin hazırlanması və həyata keçirilməsi üçün peşəkar layihə idarəetməsi və konsultasiya mexanizmlərinin formalaşdırılması da mühüm istiqamət kimi nəzərdən keçirilə bilər. Bu məqsədlə geologiya, mədənçilik, iqtisadiyyat, hüquq, ekologiya, investisiya və layihələrin idarəedilməsi üzrə mütəxəssisləri birləşdirən peşəkar komandaların yaradılması mümkündür. Belə komandalar dövlət qurumları, investorlar, yerli şirkətlər və beynəlxalq tərəfdaşlar arasında əlaqələndirici rol oynaya, layihələrin hazırlanmasına və icrasına metodoloji dəstək göstərə bilərlər”, - deyə məqalədə diqqətə çatdırılıb.

Sahibkarlar mineral-xammal ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunmasına töhfə verə bilərlər

Məqalədə qeyd edilib ki, dağ-mədən sənayesinin davamlı inkişafında dövlətin rolu ilə yanaşı, özəl sektorun və sahibkarlığın fəallaşdırılması da mühüm əhəmiyyət daşıyır. Bu sahənin inkişafı yalnız dövlətin səyləri ilə məhdudlaşmamalı, prosesdə özəl sektorun, yerli sahibkarların və investorların imkanlarından da geniş istifadə edilməlidir. Çünki müasir mədənçilik böyük maliyyə resursları ilə yanaşı, qabaqcıl texnologiyalar, peşəkar idarəetmə, innovativ yanaşmalar və beynəlxalq təcrübə tələb edən mürəkkəb bir sahədir. Özəl sektorun bu sahəyə cəlb edilməsi ilk növbədə investisiya imkanlarının genişlənməsinə şərait yarada bilər. Sahibkarlar perspektivli yataqların geoloji tədqiqinə, kəşfiyyat işlərinə, hasilat və emal müəssisələrinin yaradılmasına sərmayə qoymaqla mineral-xammal ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunmasına töhfə verə bilərlər.

“Özəl şirkətlər texnologiyaların tətbiqi, investisiyaların cəlb edilməsi, xidmət və təchizat zəncirinin formalaşdırılması, yeni istehsal sahələrinin yaradılması və innovativ həllərin tətbiqi baxımından mühüm rol oynaya bilər. Xüsusilə mədən layihələrinin ətrafında yerli şirkətlərin prosesə cəlb edilməsi regionlarda iqtisadi fəallığın genişlənməsinə imkan verə bilər. Nəqliyyat, logistika, avadanlıqların texniki xidməti, tikinti, mühəndislik, laboratoriya xidmətləri, ekoloji monitorinq, rəqəmsal həllər və digər istiqamətlərdə yerli sahibkarlığın inkişafı dağ-mədən sənayesinin iqtisadi təsir dairəsini genişləndirə bilər. Bu baxımdan dövlət proqramında nəzərdə tutulan investisiya imkanlarının özəl sektor üçün aydın və şəffaf şəkildə təqdim olunması, layihələrin iqtisadi əsaslandırılmasının gücləndirilməsi və investorların prosesə cəlb edilməsi mühüm əhəmiyyət daşıyır", - deyə məqalədə bildirilib.

Müxbir - Göyçək Mahmudlu