İsrailin danışıqlar masasından uzaqlaşdırılmasının səbəbləri və ya Tramp İsraili “satdımı”?
Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru
ABŞ-İran çərçivə sazişinin elanı edilməsi təkcə Tehran və Vaşinqtonda deyil, bəlkə də ən şiddətli şəkildə Qüdsdə siyasi zəlzələyə səbəb oldu. Qapalı qapılar arxasında yüksək rütbəli İsrail rəsmiləri kəskin və acı sözlər işlətməyə başladılar: "Tramp bizi satdı". Biz məqalə İsrailin strateji məğlubiyyətini, ABŞ-İsrail ittifaqının dağılmasını və Benyamin Netanyahunun öz dairəsində "acı həb" adlandırdığı sazişin dərin siyasi və təhlükəsizlik nəticələrini təhlil etməyə cəhd olunur.
İsrailin qəzəbinin mərkəzində sazişin hələ də qeyri müəyyən olan şərtləri deyil, Qüdsün danışıqlar prosesindən kənarlaşdırıldığını dərk etməsinin alçaldıcı olması dayanır. “Ayinet” portalının məlumatına görə, bir İsrail rəsmisi bildirib: "Artıq nələrin baş verdiyindən xəbərimiz yoxdur və heç nəyi dəyişə bilmərik. Biz şokdayıq."
Onilliklər ərzində İsrail sadə bir düstura arxalanırdı: Birləşmiş Ştatlar əvəzedilməz müttəfiqdir, məsləhətləşir, əməldaşlıq edir və strateji kəşfiyyat məlumatlarını bölüşürlər. Müharibənin əvvəlində Netanyahu və Tramp Ağ Evin müşavirə otağında İrana zərbələr endirilməsini birlikdə planlaşdırırdılar. İndi isə İsrail rəsmiləri Trampın İran, Pakistan, Qətər, Türkiyə ilə dialoq aparıb, İran liderlərinə təriflər yağdırdığını qeyd edərək İsraillə adekvat dialoq aparmadığından şikayətlənirlər. Netanyahunun sazişin Trampın Truth Social-dakı paylaşımından, ardınca isə yalnız bir saat sonra gələn zəngindən öyrənməsi bu qırılmanı tam əks etdirir.
Netanyahu bu müharibəyə maksimalist məqsədlərlə girmişdi: Tehranda rejim dəyişikliyi, İranın nüvə və raket potensialının məhv edilməsi və regional proksi qüvvələrin iflic edilməsi. Tramp isə bunun əvəzində daha dar bir məqsədə - 60 günlük atəşkəsə və Hormuz boğazının açılmasına razılaşıb ki, bu da dərhal qlobal neft qiymətlərinin aşağı düşməsi ilə nəticələndi.
“Ayinet” tərəfindən sitat gətirilən İsrail mənbələri bildirir ki, Trampın prioritetləri artıq dəyişib. İndi İsrailin regional gündəliyi birinci yerdə deyil. Ağ Ev daha çox konqres seçkiləri ərəfəsində daxili sakitliyə diqqət yetirir. Bu saziş vaxt alır, enerji qiymətlərini endirir və həssas siyasi dövrdə genişmiqyaslı müharibənin qarşısını alır. Tramp üçün bu diplomatik qələbədir; Netanyahu üçün isə strateji uğursuzluq.
İsrailin əsas qorxusu hazırkı atəşkəslə bağlı deyil, bundan sonra baş verəcək hadisələrlə bağlıdır. Saziş İrana son nüvə razılaşması üçün tam 60 günlük danışıqlar müddəti verir. Lakin bu danışıqlara razı olması müqabilində İran dərhal uğur qazanır: dəniz blokadası ləğv edilir, neft gəlirləri bərpa olunur, dondurulmuş aktivləri azad edilir. Sanksiyaların yumşaldılması, hətta qismən olsa da, artıq başlayır.
Netanyahunun və onun tərəfdarları Tehranın sadəcə olaraq 60 günlük fasilədən iqtisadiyyatını sabitləşdirmək, xəzinələrini doldurmaq və sonra danışıqları qeyri-müəyyən müddətə uzatmaq üçün istifadə edəcəyindən narahatdır. Eyni ilə Obama və Bayden administrasiyaları dövründə olduğu kimi. Ən əsası isə odur ki, 60 gündən sonra ABŞ seçkilərə daha da yaxınlaşacaq. İsraildə analitiklər Trampın o məqamda döyüşləri yenidən başlatmaq və ya sanksiyaları bərpa etmək istəyində olmayacağını düşünürlər. Məqalədə qeyd edildiyi kimi, "60 gün daha 60, sonra daha 60 günə çevriləcək". İran bu prosesdən nüvə infrastrukturu toxunulmaz, iqtisadiyyatı canlanmış və zənginləşdirmə limitlərinə dair daimi məhdudiyyətlər olmadan çıxa bilər.
Saziş atəşkəsi açıq şəkildə Livana - yəni Hizbullaha da şamil edir. Bunun İsrail üçün tələ olduğu düşünülür. İsrail qüvvələri hələ də cənubi Livanda əhəmiyyətli əraziləri əlində saxlayır və Hizbulla ilə atışmaları davam etdirirlər. Lakin yeni saziş, ehtimal ki, İsrailin Hizbullaha qarşı istənilən hərbi əməliyyatı Tramp administrasiyası ilə koordinasiya etməsini tələb edəcək. İran-ABŞ anlaşmasını poza biləcək zərbələrə veto qoyula bilər.
İsrail müdafiə planlaşdırıcıları üçün bu, qəbuledilməzdir. Hizbullahın raket arsenalı və İranın qruplaşmanı silahlandırması, hətta dolayı yolla olsa belə, sazişin ruhuna zidd olardı. Buna baxmayaraq, İsrail Vaşinqtonun hər hansı güclü cavabı məhdudlaşdıracağından qorxur. Müdafiə naziri İsrail Katz bir mövqe tutmağa çalışıb: İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqil hərəkət etmək hüququnu özündə saxlayır. Lakin bu səlahiyyətin Livana da şamil olunub-olunmayacağı açıq sualdır.
Strateji qarşıdurmanın üzərinə dərin şəxsi narazılıq da əlavə olunur. Məlum olduğu kimi, iyunun əvvəlində Tramp İsrailin Livandakı eskalasiyasına görə Netanyahuya qarşı nalayiq ifadələrlə dolu bir çıxış edib. Bir rəsmi siyasi xadim bunu Trampın Ağ Evə qayıdışından bəri Netanyahu ilə "ən pis söhbətlərdən biri" adlandırıb. Tramp sonradan müsahibəsində İsrailin Livana endirdiyi daimi zərbələrdən "bir az qıcıqlandığını" təsdiqləyib və sözlərinin sərt olduğunu bildirib. Bu qəzəbin səbəbi sadədir: Netanyahunun Livan taktikası Trampın İran danışıqlarını partlatmaq təhlükəsi yaradırdı.
Bu hadisə hazırkı böhranın arxasındakı emosional gərginliyi izah edir. Bir zamanlar Trampın - Qüdsün paytaxt kimi tanınması, Obama nüvə sazişindən çıxılması kimi qərarlarının isti qucağında olan Netanyahu, indi prezident qəzəbinin hədəfinə çevrilib. Üstəlik daha da pisi, özünün təhlükəli dərəcədə qüsurlu hesab etdiyi bir sazişi az qala poza biləcəyinə görə açıq şəkildə günahlandırılır.
İsraildə seçkilərə cəmi dörd ay qalmış Netanyahunun siyasi rəqibləri bu vəziyyəti ona qarşı silah kimi istifadə edirlər. Onlar baş naziri İsraili Trampın diktəsinə tabe olan "vassal dövlətə" çevirməkdə ittiham edirlər. Vətəndaşlara İran rejimini devirəcək transformativ müharibə vəd edən Netanyahu, indi İranın nüvə proqramına toxunulmaz qaldığı, iqtisadiyyatının canlandığı bir sazişi imzalamaq ərəfəsindədir.
“Axios” tərəfindən edilən qiymətləndirmə isə daha da sarsıdıcıdır: "Bəyan edilmiş məqsədlərə çatmadan müharibəni bitirmək haqqında saziş imzalamaq, bu, ən böyük strateji və siyasi zərbə olacaq." Netanyahu tarixə İranın nüvə ambisiyalarını məhv edən lider kimi deyil, xarici qüvvə tərəfindən qəbul etdirilən atəşkəsi və özünün siyasi məğlubiyyətini imzalayan adam kimi düşmək riski ilə üzləşir.
ABŞ-İran çərçivə sazişi böhranı bitirməyib; sadəcə olaraq döyüş meydanını döyüş cəbhəsindən diplomatik sahəyə - və Yaxın Şərqdən Vaşinqton və Qüdsə köçürüb. İsrailin qəzəbi realdır, lakin onun seçimləri məhduddur. Trampla açıq şəkildə üz çevirmək ABŞ-nin dəstəyini daha da azalda bilər; sazişi qəbul etmək isə, şübhəsiz, Netanyahunun daxili mövqeyini zəiflədəcək.
Hal-hazırda bir zamanlar monolit görünən ittifaqda dərin çatlar üzə çıxır. Növbəti 60 gün ABŞ-ın həm İran danışıqlarını, həm də İsrail tərəfdaşlığını idarə edə biləcəyini, yoxsa Netanyahunun udmağa məcbur olduğu acı həbin nəticədə bütün regionun nizamını zəhərləyəcəyini göstərəcək. Bir məsələ aydındır: İsrail artıq masadakı yerini əvvəlki kimi təbii qəbul etmir. Bu da, hər hansı bir nüvə sentrifuqasından daha təhlükəli yeni reallıqdır.

