Xor ifaçısı, skripkaçı, pianoçu, barabançı - Nobel mükafatı laureatlarının musiqi sevgisi
Dünyada 31 Nobel mükafatı laureatı yetişdirməsi ilə tez-tez ən yaxşı tədqiqat təşkilatı kimi adı çəkilən Almaniyanın Maks Plank Cəmiyyəti (Max-Planck-Gesellschaft, MPG) müasir fizikanın qapılarını açan məşhur fizik Maks Plankın adını daşıyır. M.Plank musiqi sahəsində (çox adam bilməsə də) o qədər istedadlı idi ki, uşaqlıqda musiqiçi olmağı düşünmüşdü.
İncəsənət bir çox Nobel laureatının həyatının vacib hissəsi olmuşdur. Onların hekayələri bizim incəsənət və elmi bir-birindən ayırmaq meylimizi yenidən nəzərdən keçirməyə vadar edir.
Uşaq yaşlarından xor oxumağa aşiq olan Maks Plank universitetə daxil olduqdan sonra hətta ali məktəbin xoruna rəhbərlik edib. O, daha sonra orkestr dirijoru olub, kilsələrdə orqan ifa edib və pianinoçu kimi inkişaf edib. Uzun tərəddüd dövründən sonra fizikanı seçsə də, harmoniya və kontrapunkt sahəsində ustalaşıb. Bir neçə əsər bəstələyib və hətta operettalar yaradıb.
Berlin Universitetində professor olduğu dövrdə Maks Plank böyük fizika professoru Hermann fon Helmholtzun salonuna qatılıb. Berlinin ziyalılarının toplandığı bu salonda dövrün ən məşhur musiqiçiləri — Riçard Vagner, onun həyat yoldaşı Cosima və Franz List iştirak edirdilər. Məşhur piano istehsalçıları olan Steinvay ailəsi də bu toplantılara qatılır və yaxşı ifaçı olan Helmholtza bir neçə Steinvay pianinosu hədiyyə edirdi. Bu salon Maks Planka dərin təsir bağışlamışdı.
Daha sonra Maks Plank öz evində musiqi toplantıları təşkil edərək bunları elmi şəbəkə kimi istifadə edirdi. Albert Eynşteyn skripka ifa edir, Otto Hahn isə tenor partiyalarını oxuyurdu. Daimi iştirakçılardan biri məşhur skripkaçı və Berlin Musiqi Akademiyasının dekanı Josef Joakim idi. Bramsın yeganə skripka konserti Joakimə həsr olunmuşdu və Maks Plank onunla birlikdə ifa etmişdi. Beləliklə, elm musiqi vasitəsilə genişlənirdi.
Maks Plankın riyaziyyatçı və musiqi dostu Karl Runge Göttingen şəhərində elmi mühitdə musiqi şəbəkəsi qurmuşdu. Rungenin tələbəsi Maks Born müəlliminin yaratdığı alimlərdən ibarət musiqi icmasında fəal iştirak edirdi. Rungenin qızının rəfiqəsi ilə evlənən və bacarıqlı pianoçu olan Born Verner Heysenberq ilə pianino vasitəsilə əlaqə qurmuş və hər ikisi kvant mexanikasında böyük uğurlar qazanmışdılar. Heysenberg isə solo piano konsertində iştirak edən bir qadınla evlənmişdi.
Bu alimlər üçün musiqi sadəcə hobbi deyildi. Eynşteyn belə xatırlayırdı: “Maks Plank ciddi bədii dəyərlər axtarırdı və musiqi onun üçün yaradıcılıq ilhamının mənbəyi idi”. Eynşteyn skripkanı o qədər sevirdi ki, elmi araşdırmaları yaxşı getmədikdə dərhal onu əlinə alardı. O, musiqini "həyatının ən böyük sevinci" adlandırırdı. Çətin elmi məsələləri həll edərkən musiqini bir növ "beyin fırtınası" üsulu kimi istifadə edirdi.
XIX əsrin sonlarında başlayan alman elminin qızıl dövrü incəsənət vasitəsilə inkişaf etmişdi. Maks Plank, Eynşteyn, Otto Hahn, Maks Born və Heyzenberq musiqi şəbəkələri vasitəsilə bir-birinə bağlı idi və Nobel mükafatına layiq görülmüşdülər.
“Düşüncənin yaranması” (The Birth of Thought) kitabının müəllifi kimi tanınan professor Root-Bernsteyn 2008-ci ildə “İncəsənət elmi uğura təkan verir” adlı məqalə dərc edib. 1901–2005-ci illər arasında bütün Nobel laureatlarını əhatə edən geniş araşdırma göstərmişdir ki, onlar incəsənət fəaliyyəti baxımından digər alimlərdən aydın şəkildə fərqlənirlər. Nobel laureatları tək bir sahənin mütəxəssisi deyil, bir neçə sahədə uğur qazanan çoxşaxəli şəxslər olmuşlar.
Konkret statistik göstəricilər bunu sübut edir: adi alimlərdə hər nəfərə orta hesabla 0,33 incəsənət fəaliyyəti düşdüyü halda, Nobel laureatlarında bu göstərici 0,94 olmuşdur, yəni demək olar ki, hər bir laureat incəsənətlə məşğul olmuşdur. Xüsusilə qeyd olunur ki, Nobel laureatları digər alimlərlə müqayisədə vizual incəsənətdə 7 dəfə, sənətkarlıqda 7,5 dəfə, yazıçılıqda 12 dəfə və səhnə sənətlərində 22 dəfə daha çox iştirak etmişlər.
Burada “incəsənət fəaliyyəti” sadəcə maraqdan ibarət deyil. Bu, Maks Plank və Heyenberg kimi aktiv iştirak deməkdir, yəni yalnız sənət toplamaq və ya musiqi dinləmək deyil. Vizual incəsənət peşəkar və ya yarı peşəkar fəaliyyət kimi başa düşülür, “yazıçı” isə sadəcə populyar elmi yazan deyil, ədəbi dairələr tərəfindən romançı, dramaturq və ya şair kimi tanınan alimləri ifadə edir. Həmçinin qeyd olunur ki, ədəbi jurnallarda dərc olunmaq elmi jurnallardan daha çətindir.
Məlum olduğu kimi, Nobel laureatlarının IQ səviyyəsi cəmi 120–130 arasındadır. Buna görə professor Root-Bernstein hesab edir ki, onların fərqli yaradıcılığı intellektdən kənar amillərlə, xüsusilə incəsənət fəaliyyəti ilə sıx bağlıdır və bu, onları digər alimlərdən açıq şəkildə fərqləndirir. Sənətkarlıq və vizual incəsənət əl-göz koordinasiyasını, alətlərdən istifadəni və nümunələri tanıma qabiliyyətini inkişaf etdirərək eksperimental bacarıqları gücləndirir. Yazı və səhnə sənətləri ilə məşğul olan alimlər isə tədqiqat nəticələrini daha yaxşı ifadə edə bilirlər.
Daha da önəmlisi, bu Nobel laureatları incəsənət və elmi birləşdirərək öz şəbəkələrini genişləndirmiş və bir sahədəki bilikləri digər sahəyə effektiv şəkildə tətbiq etmişlər. Buna görə də elm yalnız bir sahə ilə məhdudlaşmır, müxtəlif istedadlar tələb edir. Yaradıcılığa malik alimlər yetişdirmək üçün incəsənət təhsili diqqətdən kənarda qalmamalıdır. ABŞ-da təhsil yeniliklərinə rəhbərlik etmiş keçmiş MIT prezidenti Çarlz Vest də demişdir: “İncəsənətsiz bir MIT təsəvvür etmək mümkün deyil”.
Oruc Mustafayev

