“BAKIDAN ŞAMAXIYA SƏYAHƏT” kitabı haqda düşüncələr

2025-ci ilin avqust ayında Şərq-Qərb nəşriyyatında “Bakıdan Şamaxıya səyahət” adlı elmi-populyar tərzdə qələmə alinmış çox maraqlı kitab çap olunmuşdur. Kitabın müəllifi Xəzər-Qaradəniz bölgəsinin stratiqrafiyası və geoloji quruluşunun öyrənilməsində əlahiddə xidmətləri olmuş neftçi-geoloq Söhrab Arif oğlu Şıxlinskidir.
Kitaba ilk nəzər yetirdikdə adından hiss olunur ki, bu sıradan bir əsər deyil! “Bakıdan Şamaxıya səyahət” – necə də gözəl və romantik ad seçilmişdir. Hələ kitabı vərəqləmədən bu adın özündə sanki sehirli bir hikmət olduğunu duyursan.
Kitab Bakı-Şamaxı şosse yolu çevrəsinin maraqlı və cəlbedici təsviri ilə bərabər, təbiət və geologiya elminin gözəlliklərini sadə dildə oxucuya çatdıran dəyərli bir vəsaitdir.
Elmi-populyar tərzdə təqdim ounmuş kitabda dünya şöhrətli paytaxtımız gözəl Bakıdan qədim Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı şəhərinə səyahətdən bəhs edilir. Bu səyahət həm elmi, həm tarixi-mədəni və həm də Qobustanın təbiəti və landşaftına aid məlumatlar baxımından xüsusi əhəmiyyət kəsb edir. Şərq-Qərb ticarət yollarının qədimdə Şamaxıdan keçdiyini də nəzərə alsaq, sözü gedən səyahət marşrutunun tarix sevən oxucu kütləsi üçün nə qədər maraqlı olacağını əminliklə qeyd etmək olar.
Təbii ki, bəzi oxucularımız düşünə bilərlər: “Bakıdan Şamaxıya səyahət? Burada maraqlı nə ola bilər ki? Bakıdan Şamaxıya olan 118 km-lik məsafəni indiki nəqliyyat vasitələri ilə bir-iki saata qət etmək olar. Bu yolda səyahət zamanı nə görə bilərik? Başı qarlı dağlar yox, maraqlı təbii meşə massivləri yox, cəlbedici hidroqrafik şəbəkə (çaylar, göllər və s.) yox…Yol boyu bomboz çöllər, çılpaq dağlar və təpələr, arabir də son 20 ildə bu arid iqlim zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkdiyi və böyük zəhmət bahasına yetişdirdiyi meşə əkinlərindən başqa görməli heç bir sey nəzərə çarpmır.”
Əslində isə bu əsərdə geologiya elmi ilə bu və digər dərəcədə əlaqəli olan mütəxəssislər üçün böyük maraq kəsb edəcək məlumatlar təqdim edilmişdir və bunlar hamısı müəllifin çoxillik faktiki tədqiqatlarının nəticəsidir. Eyni zamanda qədim Qobustan diyarının tarıxı ilə maraqlanan və eləcə də, adi yolçularımız kitabdan qiymətli məlumatlar əldə edə bilərlər.
Qədim neft diyarı kimi məşhur olan vətənimizin sözügedən ərazisində – Böyük Qafqazın cәnub-şәrqindә – Abşeron və Şamaxı-Qobustan neftli-qazlı vilayәtləri yerləşir. Bu səbəbdən sözügedən məkan geoloji baxımdan ölkəmizin ən mükəmməl öyrənilmiş sahələrindəndir. Azərbaycanın və keçmiş SSRİ-nin ən məşhur neftçi alimləri burada geoloji tədqiqatlar aparmışlar. Müasir geoloji ədəbiyyatda geniş istifadə olunan stratiqrafik vahidlər – yerli lay dəstələri – ilk dəfə burada təsbit edilmişdir. Böyük Qafqazın Azərbaycan seqmentinin ilk stratiqrafik sxemi də məhz bu bölgədə aparılan geoloji araşdırmalar nəticəsində ərsəyə gəlmişdir.
Haqqında söhbət apardığım kitab da bu böyük missiyanın davamına – çöküntülərin geoloji-stratiqrafik quruluşunun dəqiqləşdirilməsinə həsr olunmuşdur. Əsərdə Qərbi Abşeron və Şamaxı-Qobustan bölgələrinin Mezokaynozoy çöküntüləri, onların litoloji-faunistik xüsusiyyətləri qısa və informativ şəkildə təqdim olunmuşdur. Müəllif, klassik alimlərin əsərlərinə isnad edərək 45 ildən artıq bir müddətdə davam edən sahə tədqiqatlarının nəticələrini müasir metodların tətbiqi ilə ümumiləşdirmiş və dəyərli tədqiqat məhsulu sərgiləmişdir.
Kitabı daha da cəlbedici edən onun tərtibi zamanı elmi-populyar üslubun uğurla seçilməsidir. Geoloji terminlər oxucu üçün anlaşıqlı şəkildə izah edilmiş, faktlar bədii təsvirlərlə zənginləşdirilmişdir. Eyni zamanda, mətnin elmi dəyəri qorunub saxlanılmışdır. Oxucunun diqqətini cəlb edən şəxsi müşahidələr, müəllifin təcrübələrindən gətirilən nümunələr, toponimlərin izahı və klassik tədqiqatçılar haqqında qeydlər əsərə əlavə dəyər qatır.
Kitabda geoloji kəsilişlərin stratiqrafik özəlliklərinin daha yaxşı mənimsənilməsi üçün dəqiq cooğrafi kordinatlarla təmin edilmiş 8 dayanacaq nöqtəsi seçilmişdir. Əsas diqqət Bakı–Şamaxı şossesi boyunca məskunlaşmiş klassik geoloji kəsilişlərə və onların təfsilatlı litoloji-stratiqrafik təhlilinə yönəlmişdir. Eyni zamanda, çevrədə müşahidə olunan yüksəklilərin müşahidə koordinatları və onların geoloji yaşları müfəssəl təsvir olunmuşdur.
Xüsusilə qeyd etmək istərdim ki, kitabda təqdim olunan geoloji-səyahət xəritəsi Qərbi Abşeron və Şamaxı-Qobustan bölgəsinin Azərbaycan türkcəsində və dəqiq mikropaleontoloji tədqiqatlar əsasında işlənmiş ilk xəritəsi olmaq etibarilə mühüm yenilikdir.
Əsərdə həmçinin klassik geoloqların – İ.M. Qubkin, N.İ. Andrusov, Ə.Ə. Əlizadə, H.Ə. Əhmədov və digərlərinin tədqiqatlarına geniş istinad olunmuş, onların nəticələri müasir baxışlarla tutuşdurulmuşdur. Bu yanaşma həm geoloji məktəbin inkişaf tarixini izləməyə, həm də sahənin aktual problemlərini anlamağa imkan verir.
Burada haşiyə çıxaraq müəllif barədə qısa bir məlumat verməyimiz zənnimcə yerinə düşər.
S.A.Şıxlinski, 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Geologiya-mineralogiya elmləri namizədidir.
O, neftli-qazlı bölgələrin stratiqrafik əsasının tərtib edilməsi, mikropaleontologiya, çöl geologiyası və xəritəalma, hövzə analizi və modelləşdirmə, karbohidrogenlərin əmələ gəlməsi və miqrasiyası, neft və qaz yataqlarının qeyri-ənənəvi üsullarla axtarışı və kəşfiyyatı üzrə mütəxəssisdir. 118 elmi məqalənin müəllifi və 5 monoqrafiyanın həmmüəllifidir.
S.A.Şıxlinski, Azərbaycan EA Geologiya İnstitutunda qrup rəhbəri (1977-1986), SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft və qaz yataqlarının litologiyası, stratiqrafiyası və rezervuar mühəndisliyi laboratoriyasının rəhbəri (1986-2011), “Nobel Upstream” (London) şirkətində geologiya və geofizika işləri üzrə vitse-prezident (2012-2019), “SOCAR AQS” şirkətində geoloji məsələlər üzrə baş məsləhətçi (2020-2022) vəzifələrində çalışmışdır. 2023-cü ildən “GEOLAB” Beynəlxalq Elmi-İstehsalat Şirkətinin baş direktorudur.
1994-2006-cı illərdə Ulu öndər Heydər Əliyevin memarı olduğu “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın Xəzər dənizi akvatoriyasında xarici neft şirkətlərinin (BP, EXXON, Amoco, Unocal, Agip, Ramco, JAOC, Commonwealth, CNODC və LUKOIL) iştirakı ilə qazılan 21 kontrakt-kəşfiyyat quyusunun geoloji-stratiqrafiк layihələrinin rəhbəri olmuşdur.
Onun elmi-praktik fəaliyyəti hələ gənclik illərindən başlayaraq Meksika, Braziliya, İtaliya, Suriya, Türkiyə, Fransa, Amerika, Türkmənistan, Şimali Qafqaz, Krım və digər xarici ölkələrdə həyata keçirilən geoloji layihələrlə bağlı olmuşdur.
2006-cı ildə Türkiyənin TPAO şirkətindən dəvət almış S.A.Şıxlinski Doğu Anadolu və Qaradənizdə karboidrogenlərin axtarışı və kəşfiyyatına yönəlmiş dövlət əhəmiyyətli dörd layihəyə rəhbərlik etmişdir. 2010-2013 Sinop-1 (Andrusov qalxımı), Yassıhöyük-1 və Sürmənə-1 kəşfiyyat quyularının kəsilişlərinin “online” rejimdə təqib edilməsi onun gərgin əməyi və təcrübəsi sayəsində ərsəyə gəlmişdir. Qeyd etmək vacibdir ki, S.A.Şıxlinski 70 ildən artıq dünyanın geoloji və geofiziki ictimaiyyətinin diqqət mərkəsində olan və geoloji quruluşu haqda müxtəlif fərziyyələr irəli sürülən məşhur Andrusov qalxımının stratiqrafik quruluşunu birmənalı olaraq dəqiqləşdirmiş ilk alimdir.
Son olaraq aşağıdakıları qeyd etmək istərdim.
Kitab həm mütəxəssislər, həm də geologiya və coğrafiya ixtisaslı tələbələr üçün praktik əhəmiyyət daşıyır. Buradakı geoloji kəsilişlərin təsvirləri, xəritə və terminoloji izahlar tədris prosesində faydalı mənbə ola bilər. Bundan başqa, Bakı–Şamaxı yolu boyunca müşahidə olunan geoloji obyektlərin elmi-populyar üslubda təsviri, əsərin geoturizm bələdçiliyi istiqamətində qiymətli bir material kimi istifadə olunmasına imkan yaradır.
Nəşr elmi məzmunun zənginliyi, məlumatların sistemləşdirilməsi, geoloji xəritənin hazırlanması və müəllifin şəxsi müşahidələrinin təqdimatı baxımından yüksək qiymətləndirilməlidir. Əsər həm Azərbaycan neft geologiyasının tarixini və müasir vəziyyətini əks etdirir, həm də yetişməkdə olan gənc geoloqlar üçün metodoloji əhəmiyyət daşıyır.
Söhrab Şıxlinskinin “Bakıdan Şamaxıya səyahət” əsəri Azərbaycan geoloji ədəbiyyatında həm elmi, həm də maarifləndirici xarakter daşıyan mühüm nəşrlərdən biri kimi dəyərləndirilməlidir. Əsərin dərc olunması ölkə geoloqları üçün faydalı istinad mənbəyi olmaqla yanaşı, geniş oxucu kütləsinin də təbiət elmlərinə marağının artırılmasına xidmət edəcəkdir.
Ağamahmud Səmədov