Dağ - mədən mühəndisi Azər Şükürovun kitabı Prezident kitabxanasının saytında yer alıb - Foto

Texniki elmlər üzrə fəlsəfə doktoru, ADNSU-nun “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının müəllimi Şükürov Azər Məcid oğlunun “Azərbaycanda dağ-mədən sənayesinin inkişafı : reallıqlar, çağırışlar, perspektivlər” kitabı Prezident kitabxanasının saytında yer alıb . Kitab Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
      Kitabda Azərbaycanın zəngin təbii ehtiyatları, metal və mineral xammal resursları barədə məlumat verilir, onların yayılma arealı, öyrənilməsi və hasilatı sahəsində görülmüş işlərdən bəhs olunur. Ölkəmizin zəngin yerüstü və yeraltı sərvətlərindən səmərəli istifadə tarixi kontekstdə təhlilə cəlb olunub, dağ-mədən sənayesinin milli iqtisadiyyatda rolu araşdırılıb. Tədqiqatda Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində dağ-mədən sənayesinin inkişaf mərhələləri geniş təhlil olunub. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dağ-mədən sənayesinin ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsindəki xüsusi rolu, Ümummilli Liderin dağ-mədən sahəsinin inkişaf etdirilməsi sahəsində nəhəng fəaliyyəti dövrün çağırışları və ölkə iqtisadiyyatının inkişaf prizmasından araşdırılıb. Qeyri-neft sektorunun önəmli istiqamətlərindən biri kimi dağ-mədən sənayesinin hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən Azərbaycanın ümumi iqtisadi inkişaf strategiyasında rolu, prioritetləri, müasir dövrdə ölkəmizin dinamik və davamlı sosial-iqtisadi inkişafa verdiyi töhfələr, perspektivlər təhlil olunur.

Kitabın redaktoru iqtisad üzrə fəlsəfə doktoru İsrafil Cəlilovdur. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.