Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər
Azərbaycanın dağ-mədən sənayesinin inkişafı üçün geniş imkanları var. Tarixi təcrübə göstərir ki, dəmir filizi, alunit, polimetal və digər mineral resursların hasilatı və emalı ölkənin sənaye inkişafında mühüm rol oynayıb. Lakin müasir mərhələdə qarşıda daha böyük vəzifə dayanır: Mövcud resursları yalnız xammal kimi deyil, əlavə dəyər yaradan sənaye zəncirinin başlanğıc nöqtəsi kimi qiymətləndirmək.
AZƏRTAC xəbər verir ki, bu barədə dağ-mədən mühəndisi, texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürovun “Azərbaycanın dağ-mədən sənayesi: Böyük potensialdan strateji iqtisadi gücə doğru” adlı məqaləsində qeyd olunub.
Bildirilib ki, dağ-mədən sənayesi metallurgiya, maşınqayırma, nəqliyyat, energetika, tikinti, xidmət, logistika və digər istiqamətlərlə sıx əlaqədədir. Buna görə də sektorun inkişafı iqtisadiyyatın digər sahələrində də əlavə dəyərin formalaşmasına şərait yarada bilər. Xüsusilə regionların iqtisadi inkişafı və məşğulluğun artırılması baxımından dağ-mədən sənayesinin strateji əhəmiyyəti böyükdür. Mədən layihəsinin ətrafında formalaşan infrastruktur, xidmət və təchizat zənciri yerli iqtisadi fəallığın artmasına təkan verə bilər. Bu gün əsas məsələlərdən biri mövcud imkanların sistemli şəkildə təqdim edilməsidir. Bunun üçün yataqlar haqqında etibarlı geoloji məlumatların hazırlanması, investisiya layihələrinin iqtisadi əsaslandırılması, hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi, ekoloji standartların təmin edilməsi və investorlarla dövlət qurumları arasında səmərəli koordinasiyanın yaradılması vacibdir.
Strateji hədəf: Xammaldan yüksək əlavə dəyərə
Məqalədə qeyd edilib ki, nəticə etibarilə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı dağ-mədən və metallurgiya sənayesinin inkişafı üçün yeni imkanlar açır. Qarşıdakı mərhələnin əsas xüsusiyyəti isə yalnız hasilatın artırılması deyil, resursların emal olunaraq daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi, sənaye zəncirinin genişləndirilməsi, regionlarda yeni iqtisadi imkanların yaradılması və milli kadr potensialının gücləndirilməsi olmalıdır.
Vahid və uzunmüddətli strategiyanın ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanın dağ-mədən sənayesini qeyri-neft sektorunun mühüm dayaqlarından birinə çevirə, ölkənin sənaye potensialının genişlənməsinə və regionların iqtisadi fəallığının yüksəlməsinə əhəmiyyətli töhfə verə bilər. Azərbaycanın qarşısında duran məsələ yeraltı sərvəti milli iqtisadi gücə, xammalı əlavə dəyərə, yataqları isə müasir sənaye və insan kapitalının inkişafına çevirməkdir.
Qlobal meyillər göstərir ki, XXI əsrin dağ-mədən sənayesi əvvəlki dövrlərin mədənçiliyindən ciddi şəkildə fərqlənir. Burada əsas istiqamətlər artıq yalnız yeni yataqların istismarı deyil. Kritik minerallar, təchizat zəncirinin təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt, ekoloji dayanıqlılıq, təkrar emal, yüksək əlavə dəyərli emal və peşəkar kadr hazırlığı sektorun gələcək inkişafını müəyyən edən başlıca amillərə çevrilir. Dünya mineral resurslara əvvəlkindən daha çox ehtiyac duyduğu bir vaxtda üstünlük yalnız sərvətə malik olan ölkələrə deyil, həmin sərvəti müasir texnologiya, düzgün idarəetmə, insan kapitalı və dayanıqlı istehsal modeli ilə iqtisadi dəyərə çevirə bilən ölkələrə məxsus olacaq.
Müxbir – Göyçək Mahmudlu

