Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi Berlində də qeyd edilib

28 May–Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Berlində tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək 1918-ci il mayın 28-də xalqımızın müstəqilliyini elan etdiyini, azad, demokratik və dünyəvi dəyərlərə söykənən müstəqil ölkə olan Azərbaycan Xalq Cümhuriyyətini qurduğunu qeyd edib. O, Cümhuriyyətin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, mütərəqqi ideyalar əsasında təşəkkül tapdığını diqqətə çatdırıb.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu müddət ərzində xarici siyasət məsələlərinə xüsusi önəm verdiyini bildirən səfir cəmi iki ilə yaxın fəaliyyəti dövründə hökumətin gərgin fəaliyyəti nəticəsində Xalq Cümhuriyyətinin 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının iştirakçısı olan böyük dövlətlər tərəfindən de-fakto tanındığını vurğulayıb.

Azərbaycanın diplomatik xidmətinin təsis edilməsinin də məhz Cümhuriyyət dövrünə təsadüf etdiyini bildirən səfir R.Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə onun dövlət orqanları sistemi, o cümlədən də Xarici İşlər Nazirliyinin formalaşdığını diqqətə çatdırıb.

Bildirilib ki, bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdi. Lakin 70 illik fasilədən sonra Azərbaycan xalqının milli azadlıq mübarizəsi nəticəsində 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa etdi. Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda güclü dövlət quruculuğu, habelə müstəqil və çoxistiqamətli xarici siyasət strategiyasının müəyyən edildiyini bildirən diplomat bu gün milli maraqlara əsaslanan çoxistiqamətli xarici siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Səfir R.Həsənov Azərbaycanın müstəqil xarici siyasət aparması nəticəsində beynəlxalq birliyin tamhüquqlu üzvü kimi əldə etdiyi uğurlardan danışıb, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətini qeyd edib, hazırda Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu mühüm regional enerji və nəqliyyat layihələri, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rolu olan Cənub Qaz Dəhlizi təşəbbüsü, habelə regional nəqliyyat imkanları və Bakı-Tbilisi-Qars dəmir yolu barədə məlumat verib.

Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı məqsədlərindən danışan səfir ölkəmizə xaricdən olan təhdidlərin qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, Azərbaycan ətrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviq edilməsi, enerji, nəqliyyat və iqtisadi strategiyamızın həyata keçirilməsi kimi prioritetlərdən bəhs edib.

Səfir R.Həsənov tarixi 200 il əvvələ gedib çıxan Azərbaycan-Almaniya münasibətlərinə toxunaraq iki ölkə arasındakı münasibətlərin çoxşaxəli olduğunu və bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini bildirib. O, bu il ölkələrimiz arasındakı diplomatik münasibətlərin qurulmasının 27-ci ildönümünün tamam olduğunu diqqətinə çatdırıb. Ötən ilin avqust ayında AFR-in Kansleri xanım Anqela Merkelin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda olduğunu, bu səfərin ikitərəfli əlaqələrin daha da intensiv inkişafına töhfə verdiyini qeyd edib.

Daha sonra tədbirdə AFR-in Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert çıxış edib və Almaniya-Azərbaycan münasibətlərinin müxtəlif aspektlərinə toxunub.

O, Almaniya və Azərbaycan arasında bütün sahələrdə dinamik münasibətlərin olduğunu deyib. Azərbaycanın Cənubi Qafqazda Almaniyanın əsas iqtisadi tərəfdaşı olduğunu vurğulayıb. O, eyni zamanda, mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlığın mövcud olduğunu bildirib, bunun bariz nümunəsi kimi Göte İnstitutunun Bakı filialının təsis ediliyini, bu institutun insanları və mədəniyyətləri bir araya gətirdiyini, bununla da ölkələr arasıdakı münasibətlərə töhfə verdiyini diqqətə çatdırıb. Zibert, həmçinin tez bir zamanda Almaniyada Azərbaycan mədəniyyət evinin açılacağına ümid etiyini nəzərə çatdırıb. O, Azərbaycanda alman dilinin intensiv şəkildə öyrənildiyini və 1000-dən çox azərbaycanlı tələbənin Almaniyada təhsil aldığını qeyd edib.

Sonra Zibert Almaniya-Azərbaycan münasibətlərinin iqtisadi aspektlərinə toxunub, O, Azərbaycanda Alman Ticarət Palatasının fəaliyyət göstərdiyini, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsziliyinə böyük töhfə verbiyini bildirib.

M.Zibert Azərbaycan ilə Almaniya arasında mədəniyyət sahəsində sazişin və Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq müqaviləsinin tezliklə imzalanacağına ümid etdiklərini, Şərq Tərəfdaşlığı Proqramının ölkələrimiz arasındakı münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb. O, Azərbaycanın NATO ilə əməkdaşlığından bəhs edib və ölkəmizin Əfqanıstandakı sülhyaratma missiyalarına və tranzit daşımalarına əhəmiyyətli töhfə verdiyini xüsusi vurğulayıb.

Çıxışlardan sonra Almaniyada doktoranturada təhsil alan azərbaycanlı Fəridə Rüstəmova musiqi aləmində yüksək nailiyyətlər əldə etdiyinə görə Baden Württemberg əyaləti tərəfindən oxuduğu müddət ərzində istifadəsinə verilən 1745-ci ilin qədim skripkasında milli və alman klassik nümunələrindən ibarət musiqi parçaları ifa edib.

Tədbir Azərbaycan və Avropa mətbəxinin nümunələrinin təqdim edildiyi ziyafətlə sona çatıb.

İştirakçılara Azərbaycan haqda materiallar təqdim edilib.

Tədbirdə AFR Federal Parlamentinin vitse-prezidenti Klaudia Rot, Bundestaqın deputatları, Kansler administrasiyasının, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələrinin təmsilçiləri, Berlindəki xarici diplomatik missiyaların rəhbərləri, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

Vüqar Seyidov