AQTA-nın əməkdaşlarından ibarət nümayəndə heyəti İtaliyada səfərdə olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarından ibarət nümayəndə heyəti İtaliya Respublikasında səfərdə olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, səfər ADA Universiteti ilə İtaliyanın Bolonya Universiteti tərəfindən həyata keçirilən “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” adlı qısamüddətli sertifikat proqramı çərçivəsində təşkil edilib.

Nümayəndə heyəti səfər zamanı Bolonya Universitetinin kənd təsərrüfatı, qida və baytarlıq departamentlərində görüşlər keçirib, laboratoriyaların işi ilə tanış olub. Həmçinin müxtəlif şirkətlərdə elmi-tədqiqat qrupları ilə görüşlər keçirib. Səfərin yekununda iştirakçılara ADA Universitetinin və Bolonya Universitetinin sertifikatları təqdim edilib.

Qeyd edək ki, “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” adlı sertifikat proqramının reallaşdırılmasında məqsəd iki ölkə arasında kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq və təcrübə mübadiləsi platforması yaratmaqdan ibarətdir.