Ağacların kəsilməsinə görə Baş Prokurorluğa müraciət edildi

Lənkəran rayonunun Nərimanabad və Beyləqan rayonunun Şəfəq qəsəbələrində, Quba rayonunun Barlı və Göyçay rayonunun Şıxbəy kəndlərində ağacların qanunsuz kəsilməsi faktları müəyyən edilib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Lənkəran rayonunda vətəndaş Eldar Ağayev, Beyləqan rayonunda Əliağa Məmmədov, Quba rayonunda Rəhman Seyidəhmədov, Göyçay rayonunda isə Raqif Maqsudov tərəfindən kəsildiyi məlum olub:

“Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.