İşğaldan azad olunmuş bölgələrdə epizootoloji monitorinqlər aparılacaq

Qida Təhlükəsizliyi Agentliyi müvafiq qurumlarla birlikdə respublika ərazisində müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, avqustun 7-dən 11-dək işğaldan azad olunmuş Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Laçın və Kəlbəcər rayonlarının ərazisindəki heyvandarlıq təsərrüfatlarında epizootoloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Monitorinqlər zamanı heyvanlardan götürüləcək diaqnostik nümunələrin müayinələri “Azərbaycan Respublikasının 2023-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”nda nəzərdə tutulan xəstəliklər üzrə aparılacaq. Eyni zamanda, avqustun 14-18-də Bakı və Mingəçevir şəhərlərindəki, eləcə də Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Kürdəmir, Bərdə, Şəmkir, Hacıqabul, Salyan, Neftçala, Astara və Xaçmaz rayonlarındakı balıqçılıq, avqustun 21-25-də isə Qusar, İsmayıllı, Daşkəsən, Qax, Şəki, Lerik, Astara, Laçın və Kəlbəcər rayonlarındakı arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlərin keçirilməsi və laborator nümunələrin götürülməsi nəzərdə tutulub. Həmin monitorinqlər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilən, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların və arıların infeksion və invazion xəstəliklərinə qarşı aparılacaq.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin və Agentliyin tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və tabeliyində olan idarələrin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssisləri iştirak edəcək.

Monitorinqlər çərçivəsində əldə olunan epizootoloji və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək və müvafiq müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim olunacaq.