Elçin Əhmədov: Fransa məhkəməsinin qanunsuz sənədi ləğv etməsi Azərbaycan rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir

Fransanın Val-d’Oise departamentinin inzibati məhkəməsi qondarma Dağlıq Qarabağ separatçıları ilə Arnuvill şəhəri arasında imzalanmış “dostluq xartiyası”nı ləğv edib. Bu “sənəd” Fransanın Arnuvill şəhərinin meri ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonunun “rəhbəri” arasında 2018-ci ilin oktyabrında imzalanmışdı. Məhkəmənin qərarı ilə Arnuvill merinə qarşı Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə ittiham irəli sürülüb və o, təqsirli bilinib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

E.Əhmədov deyib ki, Ermənistan belə “sənədlər”in imzalanması ilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin tanınmasına nail olmağa çalışır. Bu, həm də qondarma rejimin “nümayəndələri”nin xarici ölkələrə (2018-i ildə Brüssel, Vaşinqton və ya Moskvaya) qanunsuz səyahətləri vasitəsilə həyata keçirilir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllər, xüsusilə məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur. Erməni lobbisinin ianəsi hesabına bu addımların atılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin müstəqil olduğu görüntüsünü yaratmaq məqsədini daşıyır. Şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi işğal və hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışmaqdır.

Bir qədər əvvəl, Fransanın Sent-Etyen şəhər merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini xatırlayaq. Azərbaycanın Dağlıq Qarabağ icması hətta Sent-Etyen şəhər merinə müraciət də ünvanladı. Həmin vaxt Sent-Etyenlə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında “dostluq haqqında razılaşma” imzalanıb. Fransa şəhərləri ilə separatçı rejim arasında imzalanan bu cür “sənədlər” çoxdur. Bu, Fransada güclü erməni lobbisinin mövcudluğunun sübutudur.

Fransanın Arnuvill şəhərinin meri Paskal Doll ilə Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Xocavənd rayonunun “rəhbəri” arasında imzalanmış “Dostluq haqqında xartiya” da bunlardan biridir. Azərbaycan tərəfi dəfələrlə Fransaya bu məsələ ilə bağlı etirazını bildirib.

Mayın 29-da məhkəmə prosesi sona çatıb və cari il iyunun 4-də bu “sənəd”in ləğvi ilə bağlı qərar qəbul olunub. Bu da erməni lobbisinin güclü olduğu hətta Fransada belə həqiqətlərin artıq qəbul edildiyini göstərir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin, beynəlxalq tribunalardan dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etməsinin nəticəsidir.

Dünyada heç bir dövlət Ermənistan tərəfindən işğal olunaraq Azərbaycan ərazilərində hərbi güc hesabına yaradılmış separatçı rejimi tanımayıb. Buna görə də separatçı rejimin nümayəndələri tərəfindən imzalanmış hər hansı bir “sənəd” qanunsuzdur və heç bir hüquqi əhəmiyyət daşımır. Bu “sənəd”in ləğvi Azərbaycan hökumətinin apardığı uğurlu siyasətin nəticəsidir. Bu cür addımların Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vasitəçisi kimi Fransanın tərəfsiz rolunu şübhə altına salması, həmçinin Azərbaycan-Fransa dostluq münasibətlərinə xələl gətirməsi dəfələrlə Fransa tərəfinə bəyan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərini və Birinci vitse-Prezident Mehriban Əliyevanın istər mədəni, istərsə də siyasi xarakterli görüşlərini də vurğulamaq zəruridir. Keçirilən görüşlərdə və tədbirlərdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanıb.

Azərbaycan tərəfindən aparılan uğurlu xarici siyasət artıq öz bəhrəsini verməyə başlayıb. Bu cür məsələlər qanun səviyyəsinə qalxdıqda aydın olur ki, bunlar istər ölkənin daxili qanunvericiliyinə, istərsə də beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. Fransa məhkəməsinin bu qərarı presedent yaradacaq və Azərbaycanın işğal olunmuş əraziləri ilə əlaqədar digər qanunsuz addımların da qarşısını alacaq.

Qeyd etmək lazımdır ki, ermənilər Azərbaycana qarşı yüz ildən artıqdır təbliğat aparırlar. Xüsusilə, XX əsin sonundan Ermənistan anti-Azərbaycan fəaliyyətini genişləndirib. Azərbaycan müstəqilliyini bərpa etdiyi ərəfədə və ondan sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşdi və torpaqlarımız işğal altına düşdü. Həmin dövrlərdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Son zamanlar isə ölkəmizin iqtisadi və hərbi gücü artıb, həmçinin beynəlxalq aləmdə də nüfuzumuz xeyli dərəcədə yüksəlib. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini Azərbaycan formalaşdırır. Ermənilər bütün mühüm qlobal layihələrdən təcrid olunublar. Hazırda Azərbaycanla Ermənistanı müqayisə etmək gülüncdür. Müxtəlif vaxtlarda erməni lobbisinin təsiri altında olan bir sıra anti-Azərbaycan dairələrin milli maraqlarımıza zidd olaraq ölkəmizlə, eləcə də işğal olunmuş ərazilərimizlə bağlı qəbul edilmiş qərarlar hazırda kağız parçasından başqa bir şey deyil. Bir zaman gələcək bu “sənədlər” Ermənistanın özünə qarşı işləyəcək. Biz artıq ermənilərin anti-Azərbaycan kampaniyalarını ciddi şəkildə ifşa etməyə başlamışıq. Azərbaycan tərəfindən aparılan siyasətin nəticəsi olaraq qanunsuz sənədlər ləğv edilir. İnanırıq ki, bu, Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüququn prinsiplərinə qarşı qanunsuz addımların da qarşısını alacaq. Biz apardığımız mübarizədə mütləq uğurlu nəticələr əldə edəcəyik. Çünki Ermənistandan fərqli olaraq bizim mübarizəmiz tarixi həqiqət və ədalət üzərində qurulub.