FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 9 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 80 halda yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və bir partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində iki nəfər xəsarət alıb.

