Prezident İlham Əliyev: Azərbaycan-Moldova dostluq və əməkdaşlıq əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb.

Dövlətimizin başçısı təbrik məktubunda Maya Sanduya və bütün Moldova xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdırıb.

“Xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Moldova dostluq və əməkdaşlıq əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bir sıra sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaratmışdır.

Kişineuda təşkil olunan “Avropa Siyasi Birliyi”nin ikinci Zirvə Toplantısında iştirak etmək məqsədilə Moldovaya səfərim çərçivəsində Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız danışıqları ən xoş təəssüratlarla xatırlayıram”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev əminliklə bildirib ki, Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi, xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın dərinləşdirilməsi, birgə fəaliyyətin potensialından tam istifadə olunması naminə səylər bundan sonra da uğurla davam etdiriləcək.

Dövlətimizin başçısı bu əlamətdar gün münasibətilə M.Sanduya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayıb.