"Kim mənimlə kafeyə gedər?" (Albert Eynşteynin mühazirələri silsiləsindən)
1909-1910-cu illərdə Albert Eynşteynin mühazirələrini dinləmiş Adolf Fişin xatirələrindən:
"Mən Eynşteynin mühazirələrində iştirak etmişəm. Onların hər biri eyni dərəcədə maraqlı idi. Məndə belə bir təəssürat qalmaqdadır ki, sankı mövzuları biz özümüz də müəyyən edə bilərdik. Mövzular gah klassik mexanikaya (biz bu dərsləri başqa müəllimlərdən də almışdıq və yanaşmalardakı fərqləri hiss edə bilirdik), gah da yeni ideyalara, məsələn, qızğın diskussiyalara yol açmış Plankın kvant nəzəriyyəsinə aid idi.
...Biz istənilən an, əgər təqdim olunan mühazirə materialında qaranlıq olan hissə olardısa, onu dayandırmaq hüququna malik idik.
Tezliklə biz ondan çəkinməyə son qoyduq və tez-tez ona elementar, mənasız suallar verirdik. Münasibətlərimizin qeyri-məcburi xarakter daşıması (sərbəstliyimiz) ona xidmət edirdi ki, Eynşteyn fasilələrdə də bizi tərk etmirdi. İmpulsiv və sadə tərzdə o, tələbənin əlinidən tutar, ən dostyana manerada qaranlıq sualları müzakirə edərdi.
... Axşamlar fizikadan həftəlik kollokviumlar keçirilərdi. Kollokviumlardan sonra Eynşteyn soruşardı: "Kim mənimlə "Terrasa" kafesinə gedər?".
Orada çox vaxt fizika və riyaziyyat suallarından tutmuş elm və həyatın ən müxtəlif problemlərinə dair qızğın diskussiyalar davam etdirilirdi.
Bir dəfə Eynşteyn axşamın gec saatlarında, Sürüxdə "polis saatı" adlandırılan rejimin tətbiq olunduğu və kafelərin bağlandığı vaxtda 2 tələbəni evinə apardı, onlara Plankın yeni məqaləsini verərək tələb etdi ki, məqalədəki səhvi tapsınlar, özü isə onlar üçün kofe bişirməyə getdi. Kofe hazır olanda səhv hələ tapılmamışdı. Eynşteyn səhvi göstərdi: səhv sırf riyazi xarakter daşıyırdı və fiziki nəticəni dəyişdirmədi.
Bu münasibətlə Eynşteyn parlaq bir improvizasiyada riyazi üsullar və fiziki həqiqətlər haqqında fikirlərini ortaya qoydu".
Oruc Mustafayev

