Lənkəranda fəaliyyət göstərən topdansatış mağazasında nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, daxil olan vətəndaş şikayəti əsasında Lənkəran şəhərində, T.İsmayılov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Abbasqulu Nuri oğluna məxsus topdansatış mağazasında yoxlama aparılıb.

Yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, mal qonşuluğu prinsipinə riayət edilmədiyi, temperatur rejiminin pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi aşkarlanıb. Həmçinin mağazada markalanma və etiketlənmə tələbləri pozulmuş, Azərbaycan dilində etiket məlumatları olmayan və son istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları müəyyən olunub.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların məhdudlaşdırılması və zərərsizləşdirilməsinə dair qərar qəbul olunub. Qida obyektinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.